İstilik qurğuları və qazanxanalar üçün yeni standartlar müəyyənləşdi

İstilik qurğuları və qazanxanalar üçün yeni standartlar  müəyyənləşdi backend

Energetika Nazirliyinin Kollegiyası "İstilik qurğularının quraşdırılması Qaydaları"nı təsdiqləyib.

Qaziler.az xəbər verir ki, bununla bağlı nazir Pərviz Şahbazov yeni qərar imzalayıb.

Sənədə əsasən, qazanxana qurğularının quraşdırılmasına dair tələblər aşağıdakılardır:

-qazanxana qurğuları tikinti layihəsi sənədlərinə və şəhərsalma və tikinti normalarının tələblərinə riayət edilməklə quraşdırılmalı;

- qazanxanalar yanğın və partlayış təhlükəsizliyi tələblərinə, həmçinin sanitariya qaydaları və normalarının tələblərinə cavab verməli;

- qazanxana qurğuları istehsalçı zavodun texniki tələbləri nəzərə alınmaqla quraşdırılmalı və istifadə olunan avadanlıq və materiallar layihədə nəzərdə tutulmuş tələblərə cavab verməli;

- qazanxanalarda elektrik, qaz, isitmə və ventilyasiya qurğularının, su kəmərləri və kanalizasiya sistemlərinin birləşmələrinin kənar təsirlərdən qorunması və təhlükəsizlik məsafələrinin saxlanılması Nazirlər Kabinetinin , Energetika Nazirliyinin Kollegiyasının, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının tələblərinə uyğun olaraq təmin edilməli;

-qazanxana qurğularının işə salınmasından əvvəl təhlükəsizlik tədbirləri görülməli və kiplik sınaqları aparılmalıdır.

Bundan başqa, qazanxanaların su kəmərləri və kanalizasiya sisteminin quraşdırılmasına dair tələblər aşağıdakılardır:

- qazanxanaların su kəmərləri və kanalizasiya sistemi layihə sənədlərinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının tələblərinə uyğun quraşdırılmalı;

- borular, armaturlar və digər komponentlər hermetik birləşmələrlə quraşdırılmalı;

- boruların diametri, uzunluğu və yerləşməsi layihədə nəzərdə tutulan hidravlik göstəricilərin tələblərinə uyğun olmalı;

- borularının daxili səthi maneəsiz və hamar olmalı, axının qarşısını alan kənar çıxıntılar olmamalı;

- quraşdırma zamanı boruların keçdiyi yerlərdə konstruksiyalar yanmayan materiallarla izolyasiya edilməli, elektrik kabellərindən "Elektrik qurğularının quraşdırılması Qaydaları" ilə müəyyən edilmiş məsafədə yerləşdirilməli;

- sistemin istismarı və texniki xidməti üçün baxış quyuları, təmizləmə qapaqları (lyuklar) və layihədə nəzərdə tutulmuş digər avadanlıqlar quraşdırılmalı;

- quraşdırmadan sonra birləşmələr sızmaya qarşı kiplik sınaqlarından keçirilməlidir.