Sosial şəbəkələrdə "ev yıxan" trend yayılıb - Açıqlama

Sosial şəbəkələrdə "ev yıxan" trend yayılıb -  Açıqlama backend

Son günlər sosial şəbəkələrdə qanadlı güllər yeni trend kimi geniş yayılıb. Qiyməti 100-250 manat arasında dəyişən bu güllər xüsusilə qadınların diqqətini çəksə də, bəzi hallarda münasibətlərdə gözləntilərin artmasına və məyusluqlara səbəb olur. Belə trendlər insanların sevgini və diqqəti maddi göstəricilərlə ölçməsinə gətirib çıxara bilər.

Sosial şəbəkələrdə yayılan bu cür şişirdilmiş trendlər münasibətlərə və insanların gözləntilərinə necə təsir edir?

Qaziler.az xəbər verir ki, “demokrat.az”a açıqlama verən psixoloq Zümrüd Əsədova bildirib ki, sosial şəbəkələrdə sürətlə kütləviləşən qanadlı güllər və bənzəri vizual trendlər ilk baxışda sadə estetik dəb kimi görünsə də, əslində müasir münasibətlərin psixoloji strukturuna ciddi şəkildə təsir göstərir:

“Bu növ parıltılı trendlər cəmiyyətdə ilk növbədə müqayisə tələsi yaradır. İnsanlar ekranda bu vizualları davamlı gördükdə, şüuraltı olaraq “Hər kəsə bu edilir, deməli, normal olan budur” düşüncəsinə qapılırlar. Nəticədə, qarşı tərəfin real imkanları və münasibətin təbii dinamikası kənarda qalır, yerini isə tamamilə süni şəkildə formalaşmış gözləntilər tutur. Bu proses zəncirvari reaksiya ilə sevgi, diqqət və qayğı kimi ülvi hisslərin maddiləşməsinə rəvac verir”. 

Psixoloq əlavə edib ki, burada əsas psixoloji problem həmin hədiyyənin özü yox, onun sosial şəbəkədə nümayişi zamanı qazanılacaq xarici təsdiq, yəni virtual  bəyənmə və rəylərdir:

“Beləliklə, diqqət münasibətin daxili xoşbəxtliyindən və doğmalığından uzaqlaşaraq tamamilə xarici vizuallığa yönəlir və sevgi duyğusu bəsit bir marketinq alətinə çevrilir. Təbii ki, hər bir büdcənin və ya hər bir fərdin bu süni şablonlarla ayaqlaşmaq imkanı yoxdur. Bu şişirdilmiş gözləntilər real həyatda puç olduqda isə ciddi məyusluqlar qaçılmaz olur. Tərəfdaşlar arasında yersiz daxili incikliklər yaranır, kişilər üzərində ağır sosial-maddi təzyiq formalaşır, qadınlarda isə digərləri ilə müqayisədə əskiklik və dəyərsizlik hissi baş qaldırır”.