Moskvada tanınmış azərbaycanlı hüquqşünas, akademik Cahangir Kərimov vəfat edib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Cahangir Kərimov ömrünün 92-ci ilində dünyasını dəyişib.
Akademiklə vida mərasimi Rusiya paytaxtında keçirilib. Mərasimdə Azərbaycanın Rusiyadakı səfirliyinin, Ümumrusiya Azərbaycan Konqresinin nümayəndələri, Rusiyanın görkəmli elm xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.Qeyd edək ki, Cahangir Abbas oğlu Kərimov 1923-cü ildə Bakıda doğulub. 1942-ci ildə Bakıda hərbi məktəbi bitirdikdən sonra Böyük Vətən Müharibəsində yollanıb. 1946-cı ildə Ümumittifaq Hüquq İnstitutunu bitirdikdən sonra müxtəlif vəzifələrdə çalıb. 1965-1969-cu illərdə Leninqrad Dövlət Universitetinin prorektoru olub.
Akademik Cahangir Kərimov hüquq elminin fəlsəfi problemləri, sosial planlaşdırma, idarəetmə və nəzəriyyə üzrə mütəxəssis olub. O, 800-dən çox elmi məqalənin, 40-dan çox monoqrafiyanın müəllifidir.