Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilən “Yüksək Mənəvi Dəyərlərin Təbliği” layihəsi çərçivəsində “Nənələr və nəvələr” adlı maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Bəsti Nəsibova açaraq layihənin məqsədi haqqında məlumat verib. O bildirib ki, milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi üçün ailə institutunun, xüsusilə nənələrin həyat təcrübəsinin və tərbiyə məktəbinin böyük rolu var. Bəsti Nəsibova qeyd edib ki, bu kimi görüşlər nəsillər arasında mənəvi bağların möhkəmlənməsinə mühüm töhfə verir.
Tədbirdə çıxış edən Tədbirdə şəhid Ağacavad Mütəllimzadənin anası Nailə Mütəllimzadə ailə dəyərləri, övlad və nəvə tərbiyəsində nənələrin məsuliyyəti, ailədaxili hörmət və qarşılıqlı anlayışın əhəmiyyəti barədə fikirlərini bölüşüb. O, xüsusilə şəhid ailələrinin yaşatdığı vətənpərvərlik ruhunun gənc nəslin tərbiyəsində mühüm rol oynadığını vurğulayıb.
Daha sonra şair-publisist, Nəsibə İsrafilqızı çıxış edərək gənclərin milli-mənəvi dəyərlər ruhunda yetişdirilməsinin vacibliyindən danışıb. O bildirib ki, ailədə verilən düzgün tərbiyə cəmiyyətin sağlam inkişafının əsas şərtlərindən biridir və milli-mədəni irsimizin yaşadılmasında yaşlı nəslin rolu əvəzsizdir.
Tədbirdə iştirak edən “İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyinin sədri Vüsalə Sadıqova (Qələndərli) da çıxış edərək milli-mənəvi dəyərlərin qorunmasının hər bir ailənin və cəmiyyətin ortaq məsuliyyəti olduğunu bildirib. O qeyd edib ki, nənələrin həyat təcrübəsi və ailə ənənələri gənclərin şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır və bu irsin gələcək nəsillərə çatdırılması üçün belə layihələrin davamlı keçirilməsi böyük əhəmiyyət daşıyır.
Tədbirin sonunda layihə iştirakçıları arasında səmimi fikir mübadiləsi aparılıb, nənələr öz həyat təcrübələrini və xatirələrini nəvələrlə bölüşüblər.
Layihə rəhbəri Ruhiyyə Məmmədova tədbirdə iştirak edə bilməsə də, onun müraciəti iştirakçıların diqqətinə çatdırılıb. Müraciətdə qeyd olunub ki, “Nənələr və nəvələr” kimi görüşlər ailə dəyərlərinin möhkəmləndirilməsi, milli-mənəvi irsin qorunması və nəsillər arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Ruhiyyə Məmmədova layihənin həyata keçirilməsinə dəstək verən bütün iştirakçılara və qonaqlara təşəkkürünü bildirib, bu istiqamətdə fəaliyyətlərin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.
informator.az





