AQTA son günlər yas mərasimlərində baş verən zəhərlənmələrlə bağlı açıqlama verdi

AQTA son günlər yas mərasimlərində baş verən zəhərlənmələrlə bağlı açıqlama verdi backend

Son günlər yas mərasimlərində ardıcıl baş verən zəhərlənmələrin səbəbinin lavaş olduğu müəyyən edilib.

 

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu AQTA-nın Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxova Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 6 ayın yekunlarına həsr olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

 

Onun sözlərinə görə, son günlər Samux və Gəncədəki yas mərasimlərində baş verən ardıcıl qida zəhərlənməsi hadisələri nəticəsində ümumilikdə 48 nəfər zərər çəkib:

 

"İlk hadisə ilə bağlı istehlak edilən bütün qida məhsullarından laborator müayinələr üçün nümunələr götürülüb. Ardıcıl zəhərlənmə faktları hadisələrin daha ətraflı araşdırılmasını zəruri edib. Aparılan araşdırmalar zamanı hər iki hadisədə ortaq şübhəli qida məhsulunun lavaş olduğu müəyyənləşdirilib.

 

Məlum olub ki, Gəncədə qida təhlükəsizliyi nəzarətindən kənarda, ev şəraitində qanunsuz şəkildə istehsal edilən lavaş satışa çıxarılıb. Məhsulun paylanma zənciri müəyyən edilib və dövriyyədən çıxarılaraq satışının qarşısı alınıb.

 

Faktla bağlı hüquq-mühafizə orqanları ilə birgə müvafiq araşdırma və digər zəruri tədbirlər davam etdirilir".