Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilən “Yüksək Mənəvi Dəyərlərin Təbliği” layihəsi çərçivəsində Quba rayonuna maarifləndirici və mədəni səfər təşkil olunub.
Qaziler.az xəbər verir ki, səfərdə layihə iştirakçıları Qubanın zəngin tarixi, milli-mədəni irsi və mənəvi dəyərlərini əks etdirən məkanlarla tanış olub, ölkəmizin qədim adət-ənənələrinin yaşadılması istiqamətində aparılan işlər barədə məlumat əldə ediblər. Görüşlər zamanı milli-mənəvi dəyərlərin qorunması, gənc nəslə ötürülməsi, cəmiyyətimizdə ailə institutunun və vətənpərvərlik ruhunun gücləndirilməsinin əhəmiyyəti ətrafında fikir mübadiləsi aparılıb.
Layihənin əsas məqsədi cəmiyyətimizdə yüksək mənəvi dəyərlərin təbliği, milli irsimizin tanıdılması, nəsillərarası əlaqələrin möhkəmləndirilməsi və iştirakçıların tarixi-mədəni irsimizə marağının artırılmasına töhfə verməkdir.
Layihənin rəhbəri Ruhiyyə Məmmədova bildirib ki, bu cür səfərlər iştirakçıların milli kimlik və mənəvi dəyərlər barədə biliklərinin artırılmasına, eyni zamanda cəmiyyətimizdə birlik və həmrəylik hissinin gücləndirilməsinə xidmət edir.
"Quba Azərbaycanın qədim tarixi və zəngin mədəni irsi ilə seçilən bölgələrindən biridir. İştirakçılarımızın bu irslə yaxından tanış olması, milli-mənəvi dəyərlərimizi yerində öyrənməsi layihəmizin əsas məqsədlərindəndir. İnanırıq ki, belə təşəbbüslər cəmiyyətimizdə milli dəyərlərə bağlılığın daha da möhkəmlənməsinə və gələcək nəsillərə düzgün şəkildə ötürülməsinə öz töhfəsini verəcək," – deyə Ruhiyyə Məmmədova qeyd edib.
Gəzinti çay süfrəsi ətrafında səmimi söhbət və naharla davam edib.

