Şuşadan dünyaya mesaj: “Biz ancaq özümüzə güvənə bilərik”

Şuşadan dünyaya mesaj: “Biz ancaq özümüzə güvənə bilərik” backend

Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib.

IV Şuşa Qlobal Media Forumu müasir media mühitində aktual çağırışların müzakirəsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və informasiya təhlükəsizliyi məsələlərinin ön plana çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu forum müxtəlif ölkələrdən media nümayəndələrini, ekspertləri və qərarvericiləri bir araya gətirərək qlobal informasiya məkanında qarşılıqlı anlaşmanın inkişafına töhfə verir. Prezident İlham Əliyev Forumun açılışında olduqca maraqlı çıxış edib, vacib mesajlar verdi.

O, Forumun məqsədlərindən danışarkən bunları qeyd edib: “Tədbirin keçirilməsində ideya elə bir mühitin yaradılmasından - dünyanın müxtəlif guşələrindən gəlmiş media nümayəndələrinin qarşılıqlı maraq və narahatlıq doğuran məsələlər haqqında danışmaq, Qarabağla, Şuşa ilə tanış olmaq və bu kimi digər məqsədlərə xidmət etməkdən ibarət idi. Əminəm ki, buraya gəlmiş qonaqlar Qarabağın inkişafını, yenidən qurulmasını görürlər”.

...Şuşa deyəndə insanın ağlına ilk gələn fikir mədəniyyət beşiyi, müharibə, uzun illərin işğalı, 2020-ci ilin 8 noyabrında onun azad olunması gəlir. Şuşa həm də qələbəmizin rəmzidir. Şuşa artıq yeni formulanın da beşiyinə çevrilib: beynəlxalq təbirlər, müzakirələr, müharibəsiz dünya. 

Bəli, bu gün Şuşa mədəniyyətlə yanaşı, beynəlxalq tədbirlərin, müzakirələrin beşiyinə çevrilir. Bütün bunların altında Müzəffər Ali Baş Komandan İlham Əliyevin imzası var. Dövlətimizin başçısı kimi, Müzəffər Ali Baş Komandan kimi onun uzun illərin erməni işğalına son qoyması, Azərbaycanın ərazi bütövlüyün və suverenliyini təmin edərək tarixə öz imzasını yazdı. O,  bununla Şuşanın əhəmiyyətini həm də müxtəlif aspektlərdən təqdim edir.

Forumda Prezident İlham Əliyevin diqqətçəkən mesajlarından biri də Azərbaycanın yeni müharibə deyil, regionda sülhün bərqərar olmasını istəməsidir. O bildirib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunub, buna görə də hazırda əsas məqsəd Cənubi Qafqazda sabitlik və əməkdaşlığın təmin edilməsidir.

Bəli, Azərbaycan heç vaxt müharibə istəməyib, bu gün də istəmir, heç vaxt da müharibə tərəfdarı olmayacaq. Azərbaycan uzun illər erməni işğalında olan torpaqlarının azad olunmasını istəyib. Bu istiqamətdə uzun illər ATƏT-in Minski qrupu çərçivəsində bu problemin sülh yolu ilə həllinə çalışıb. Çox təəssüf ki, həmsədrlər – ABŞ, Fransa, Rusiya sülh istəmədi. Onlar işğalçı Ermənistanın mövqeyini dəstəklədi. Bu da sonsuzluğa qədər davam edə bilməzdi. Etmədi də...Bütün bunları görən, bilən İlham Əliyev müasir, güclü bir ordu quruculuğunu da diqqətdən kənarda saxlamadı. 2016-ci ilin aprel döyüşləri və nəhayət 2020-ci ilin 44 günlük Vətən müharibəsi işğala son qoydu, regiona sülh gətirdi. 

Qələbəmizin rəmzi kimi, o sülhün beşiyi də elə Şuşadır. Məhz dördüncü dəfə Şuşada beynəlxalq media forumunun keçirilməsi də təsadüfü deyil.

Ordumuzun döyüş qabiliyyətini artıran, onu daha da gücləndirən, modernləşdirən İlham Əliyev  sərhədlərimizdə tezliklə sülhün bərqərar olmasını arzuladığını da bildirib.

Bəs bundan sonra Azərbaycan üçün təhlükə varmı? 

Dünya İnformasiya Agentlikləri İttifaqının sədri, TASS informasiya agentliyinin sabiq direktor müavini, Azərbaycanın mövqeyini müdafiə etdiyi üçün Rusiya hakimiyyətinin arzuolunmaz şəxsinə çevrilən Mixail Qusmanın sualı çox aktual idi:

“...Şimalda müharibə var, yaxınlıqda mərmilər düşür” kimi bir fraza səsləndirdiniz. Beləliklə, Sizin fikrinizcə, təhlükə nədən ibarətdir, strateji təhlükə? Orta və ya uzunmüddətli perspektivdə Azərbaycanın strateji sabitliyinə təhdiddir? Çünki görünürdü ki, bir az nəfəs ala bilərik və hər şey yaxşı olacaq. Amma hər halda, Azərbaycan üçün strateji potensial təhdidlər nələrdir?” 

Bu suala Prezidentin cavabı belə oldu:

“Fiziki risklər - bəli, onlar mövcuddur. Bu gün heç kim onlardan sığortalana bilməz. Müasir reallıqlar və döyüş əməliyyatlarının aparılması üzrə müasir növlər nəzərə alınmaqla, bəlkə də nadir istisnalarla, heç bir ölkə özünü tam təhlükəsiz hiss edə bilməz. Buna görə də əsas risk, əlbəttə ki, müharibə edən iki ölkə arasında yerləşən ölkə üçündür və hər iki dövlət üçün gözlənilməz nəticələri olduqda, həm müharibələrin aparıldığı çərçivədə, həm də müharibədən sonrakı dövrdə.

Çünki müharibə özlüyündə böyük faciədir, lakin uzunsürən müharibə hərbi əməliyyatın özündən heç də az olmayan risklər daşıyır. Müharibədən sonrakı dövr, - ölkələrin bundan necə çıxması, nəticələri və fəsadları ilə necə mübarizə aparması, - əlbəttə ki, proqnozlaşdırılması və cavabı çətin olan sualdır.

Buna görə də bu gün bizim üçün yeganə risk Azərbaycanı hansısa avantüraya cəlb etmək cəhdləridir. Keçmişdə də belə cəhdlər olub, lakin onlar daha çox siyasi xarakter daşıyırdı. Biz onları həmişə uğurla dəf etmişik və praktik olaraq dayandırılıb. Bu gün onlar daha ciddi və daha təhlükəli xarakter alıb.

Ona görə də, necə deyərlər, özümüzü müdafiə etmək bizə yad deyil, konsolidasiya olunmuş birlik ilə mübarizə aparmaq da. Təhlükəsizliyimizi, sərhədlərimizi, təhdidlərə qarşı mübarizə sistemlərimizi gücləndirmək - hər halda, 2003-cü ildən bəri məşğul olduğumuz bundan ibarətdir. Görünür, gücüm imkan verdiyi qədər bununla məşğul olmağa davam edəcəyəm.”

Prezidentimiz ukraynalı jurnalist Dmitri Qordonun sualına cavab verərkən yenə dövlətlərin ərazi bütövlüyünə hörmətini ifadə etdi:

“Heç vaxt işğalla barışmamaq. Ukrayna bunu edir. O, işğalla barışmır. Bu il ərzində çətin məqamlar olsa da, biz gördük, bilirik və eşitdik ki, müəyyən dairələr mahiyyətcə işğalın qanuniləşdirilməsi, döyüş əməliyyatlarının dayandırılması şərti ilə təzyiq göstərirdi. Amma Ukrayna xalqı və onun rəhbərliyi bunu qəbul etmədi”.

“Biz ancaq özümüzə güvənə bilərik”

Jurnalistlərin suallarını cavablandırarkən: “Biz ancaq özümüzə güvənə bilərik” deyən Prezidentin son fikri aşağıdakı kimi oldu:

“Biz gələcəyə baxmalıyıq. Dünya dəyişir və bu barədə də danışmışıq. Yeni təhdidlər, yeni təxribatlar ortaya çıxır. Əgər kimsə fikirləşir ki, bizi istəməyən qüvvələr bizdən əl çəkəcək, olmayacaq, heç vaxt olmayacaq. Bu mübarizə daimi olmalıdır - mübarizə öz hüquqlarımızı qorumaq üçün, mübarizə öz milli kimliyimizi qorumaq üçün, öz müstəqilliyimizi öz əlimizdə saxlamaq üçün.

Bir çox misallar var ki, bəzi ölkələr, onların rəhbərləri kiminsə qanadının altına sığınırlar və hesab edirlər ki, bu, onları qoruyacaq. Amma nəticə etibarilə olurlar qurban. Böyük oyunların qurbanları. Bizim xalqımız həm işğal görüb, həm dağıntılar görüb, həm Zəfər görüb, həm də bu gün bu bərpa və dirçəliş dövrünü həm görür, həm də bunun iştirakçısıdır. Ona görə bu sözlərim gələcək nəsillərə, gənc nəslədir ki, Azərbaycan xalqı əbədi, yəni qürurlu xalq kimi, qalib xalq kimi yaşasın, milli kimlik hər şeydən üstün olmalıdır, milli ləyaqət hər şeydən üstün olmalıdır. Məğlub ola bilərsən, - indi olur belə hadisələr, - amma gərək heç vaxt əyilməyəsən, sınmayasan. Heç vaxt işğalçı ilə razılaşmayasan, işğalçının diktəsi ilə oturub-durmamalısan. Lazım olsa, ölsən də belə, gərək ləyaqətlə yaşayasan və öz övladlarına, nəvələrinə, nəticələrinə bunu aşılayasan. Ona görə bizim gələcək inkişafımız gənc nəslə bağlı olacaq, təqribən 20 il, 30 il, 50 il sonra. Onlar da bizim kimi Vətənə bağlı, mətin, iradəli, güclü olmalıdırlar ki, Azərbaycan daim yüksəklərdə olsun”.

Onu da xüsusi olaraq qeyd edək ki, uzun illər informasiya blokadasında olmuş Azərbaycanda keçirilən bu forumda 53 ölkədən 160 qonaq, o cümlədən 30 xəbər agentliyinin nümayəndələri, 60-dan artıq media qurumu, bu sahədə fəaliyyət göstərən 10 beynəlxalq təşkilat və təsisat iştirak edir. Son dörd il ərzində forum 81 ölkənin 600-ə yaxın media nümayəndəsini bir araya gətirmişdir.

Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bundan da gözəl şərait, imkan olarmı? Bu şəraiti də məhz Müzəffər Ali Baş Komandanımız yaratdı.

Bu Forumun əhəmiyyətindən çox danışmaq, yazmaq olar. Amma birini yazmaya bilmərəm: Əslində 44 günlük müharibədəki qələbəmiz, Şuşa zəfərindən sonra Şuşada IV Şuşa Qlobal Media Forumunun keçirilməsi həm də Mediamızın zəfəridir.  

Mediamızın IV Şuşa zəfəri!

QAZİLER.AZ