Vətən Müharibəsi Qəhrəmanı, mayor Zaur Hüseynova yeni rütbə verilib.
Qaziler.az Ölkə.az-a istinadən xəbər verir ki, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Z.Hüseynova polkovnik-leytenant hərbi rütbəsi verilib.
Müdafiə nazirinin bu addımı Zaur Hüseynovun Vətən Müharibəsindəki xidmətlərinin növbəti dəfə yüksək qiymətləndirilməsi kimi qəbul olunur. Çünki o, müharibədən sonra ordu sıralarından tərxis olunub. Ehtiyatda olan zabitin rütbəsinin artırılmasına isə nadir hallarda rast gəlinir.
Qeyd edək ki, Zaur Rahat oğlu Hüseynov 26 avqust 1987-ci ildə Salyan rayonunda anadan olub.
2002–2005-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, daha sonra 2005–2009-cu illərdə Heydər Əliyev adına Ali Hərbi Akademiyada təhsil alıb və oranı fərqlənmə ilə bitirib.
Z.Hüseynov Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində xidmət edib.
2020-ci ilin sentyabrında başlayan İkinci Qarabağ müharibəsində fəal iştirak edərək Füzuli, Cəbrayıl, Xocavənd və xüsusilə Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə tabor komandiri kimi önəmli rol oynayıb. Şuşa döyüşündə göstərdiyi liderlik və müdafiə taktikaları ilə yadda qalan Z.Hüseynov, həmin əməliyyatların uğurla bitməsindən əsas simalardan biri olub.
Prezident İlham Əliyevin sərəncamları ilə Vətən Müharibəsi Qəhrəmanı adına, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, həmçinin “Cəsarət”, “Qüsursuz xidmətə görə” (2-ci və 3-cü dərəcə), “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif olunub.
Z.Hüseynov hazırda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin məxfi rejim və hərbi səfərbərlik şöbəsinin rəis müavini vəzifəsində işləyir.



