Sərnişinin hərəkətinə əsəbiləşən sürücü içi dolu avtobusu tərk edib.
Qaziler.az “xezerxeber.az”a istinadən xəbər verir ki, kadrlar Bakı Beynəlxalq Avtovağzalı ilə "Koroğlu Nəqliyyat Mübadilə mərkəzini" əlaqələndirən 13 nömrəli müntəzəm marşrut xəttindəndir. Görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub və vətəndaşların bir qismi sürücünü, bir qismi isə sərnişinləri qınayıb.
Məlumatlara görə, dayanacaqda sərnişinlərdən biri səhvən "Stop" düyməsini basıb. Buna əsəbiləşən sürücü avtobusu saxlayaraq nəqliyyat vasitəsindən düşüb və yolun kənarında oturub. Məlumatda o da qeyd edilib ki, hadisə zamanı sürücü ilə sərnişinlər arasında mübahisə də yaşanıb. Daha sonra sərnişinlərin bir qismi avtobusdan düşərək arxadan gələn digər marşrut avtobusundan istifadə edib.
Vətəndaşlar həm sürücülərin, həm də sərnişinlərin təmkinli davarmalı olduqlarını bildirirlər.
"Baku Bus” MMC-dən "Xəzər Xəbər"ə bildirildi ki, sürücü barədə müvafiq tədbirlər görülüb.
Gələcəkdə bu kimi halların təkrarlanmaması məqsədilə sürücülərin xidməti fəaliyyətinə nəzarətin və daxili intizam mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdiriləcək.



