Müsabiqə qaliblərinə kiçik bizneslərini genişləndirmək üçün əlavə avadanlıqlar verilib - FOTO

Müsabiqə qaliblərinə kiçik bizneslərini genişləndirmək üçün əlavə avadanlıqlar verilib - FOTO backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dünya Bankının maliyyə dəstəyi ilə icra etdiyi “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində təşkil olunan növbəti “Həvəsləndirmə mükafatları” müsabiqəsinin qaliblərinin aktivlərlə təminatına başlanıb.

 

Nazirlikdən Qaziler.az-a bildirilib ki, artıq Bakı, Abşeron-Xızı, Dağlıq Şirvan, Mərkəzi Aran və Şəki-Zaqatala iqtisadi zonaları üzrə 50-dək şəxsə qurduqları kiçik bizneslərini genişləndirmələrinə dəstək məqsədilə əlavə avadanlıqlar verilib.

 

Təqdim olunan aktivlər poliqrafiya, kiçik dərzi sexi, kiçik dülgər sexi, PVC qapı və pəncərə istehsalı, un məmulatları istehsalı, broyler inkubatoru, ayaqqabı təmiri və digər fəaliyyət istiqamətlərini əhatə edir.

 

"Həvəsləndirmə mükafatları" müsabiqəsi özünüməşğulluq proqramı çərçivəsində uğurlu fəaliyyət göstərən benefisiarları bizneslərini inkişaf etdirməyə təşviq etmək, onların gəlir imkanlarını artırmaq və fəaliyyətlərinin dayanıqlığını gücləndirmək məqsədi daşıyır.

 

Müsabiqənin birinci mərhələsi çərçivəsində ümumilikdə 100 benefisiarın əlavə aktivlərlə təmin edilməsi nəzərdə tutulur. Aktivlərin təqdimatı mərhələli şəkildə davam etdirilir. Növbəti mərhələdə daha 190 nəfər əmlaklarla təmin ediləcək.