Bakıda tez-tez tikinti şirkətləri ilə sakinlər arasında yaranan mübahisələrin şahidi oluruq. Belə mübahisələr adətən məhkəmələrə qədər gedib çıxır. Evlərin sökülməsi, kompensasiya ödənişləri və mülkiyyət hüquqlarının pozulduğu iddiaları ilə bağlı vətəndaş müraciətləri vaxtaşırı gündəmə gəlir.
Saytımıza müraciət edən paytaxt sakini, ikinci qrup Qarabağ müharibəsi əlili Nurəddin Bağırov da belə bir vəziyyətə düşüb.
Evi plana düşən qazi "Orbita" MTK-dan şikayətçidir.
Nurəddin Bağırov haqqının tapdandığını deyir. O, saytımıza şirkət tərəfindən ona məxsus olan ümumi sahəsi 40 kvadrat metr olan 2 otağının və həyətyanı sahənin nəzərə alınmamasına etiraz edərək, şirkətin istifadəsində olan yaşayış sahəsinə və həyətə görə ona kompensasiya vermək istəmədiyini deyir.
“İki sota yaxın həyətyanı sahəm var. Həyətdə ağaclar əkmişəm, evə giriş-çıxış bu həyətdəndir. Mən bu torpaq sahəsini almamışdan qabaq, yəni keçən əsrin 70-ci illərindən bu torpaq sahəsi hasarın içərisindədir. Yəni əvvəldən belə olub. Mənzili alanda bu torpaq üçün o vaxtın qiyməti ilə elə bir mənzilin pulunu vermişəm. Lakin "Orbita" Mənzil-Tikinti Kooperativindən (MTK) bildirilib ki, mənə yalnız yaşadığım 3 otaqlı mənzilin dəyərində kompensasiya ödəniləcək. Halbuki mənim 3 otaqlı mənzilimin qarşısında 40 kvadrat metrdən 50 kvadrat metrdək istifadəmdə olan tikilim və həyətim var. O vaxt, yəni sovet dövründə balkon artırmaq üçün icazəm belə var. Tikinti şirəkətinin Famil adlı rəhbəri ilə də görüşmüşəm. Ancaq haqqımı tanımaq istəmir. Mənə qarşı haqsızlıq edilir.", - deyə Qarabağ qazisi bildirib.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
QAZİLER.AZ



