"İstedadlar Akademiyası" layihəsi çərçivəsində Gədəbəydə ustad dərsləri keçirildi - FOTO

"İstedadlar Akademiyası" layihəsi çərçivəsində Gədəbəydə ustad dərsləri keçirildi - FOTO backend

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və "İstedadları Tanıyaq və Tanıdaq" İctimai Birliyinin təşkilatçılığı ilə "İstedadlar Akademiyası" layihəsi çərçivəsində Gədəbəy rayonunda növbəti tədbir keçirilib.

Aşıq Ələsgər adına Gədəbəy aşıq məktəbində baş tutan tədbir istedadlı gənclərin üzə çıxarılması və onların peşəkar vərdişlərə yiyələnməsinə dəstək məqsədi daşıyıb.

Tədbir çərçivəsində keçirilən ustad dərslərində tanınmış sənətkarlar öz bilik və təcrübələrini gənclərlə bölüşüblər. Xanəndə-pedaqoq Maya Cəbrayılova xanəndəlik sənətinin incəliklərindən bəhs edib, aşıq Toğrul Gədəbəyli isə aşıq yaradıcılığının spesifik xüsusiyyətləri üzrə ustad dərsi keçib.
Akademiya çərçivəsində keçirilən görüşdə Elmira Musayevanın rəqs qrupunun üzvləri yüksək ifaçılıq qabiliyyəti nümayiş etdiriblər. Eyni zamanda, qarmon və tar ifaçıları öz musiqi nömrələri ilə tədbirə rəngarənglik qatıblar.

Tədbirdə Aşıq Ələsgər adına Gədəbəy aşıq məktəbinin direktoru Azər Əkbərov, qazi Vaqif Əliyev, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Layihənin rəhbəri və "İstedadları Tanıyaq və Tanıdaq" İctimai Birliyinin sədri Vüsalə Sadıqova Qələndərli çıxış edərək layihənin məqsədi və gənc istedadların dəstəklənməsinin vacibliyi barədə geniş məlumat verib.
Tədbirin sonunda fəallıq göstərən bir qrup istedadlı gəncə hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib. Səfər çərçivəsində birliyin üzvləri Gədəbəyin tarixi və füsunkar təbiət guşələri ilə tanış olublar.

Bu layihə gənclərin yaradıcı potensialının inkişafı və milli-mədəni irsimizin təbliğində mühüm rol oynayır.

informator.az