AMEA-da “Soyqırımlar xalq yaddaşında” beynəlxalq elmi sərgi-konfrans keçirilib

AMEA-da “Soyqırımlar xalq yaddaşında” beynəlxalq elmi sərgi-konfrans keçirilib backend

Bu gün AMEA-nın “Azərbaycanlılara qarşı soyqırımların tədqiqi” komissiyası və Folklor İnstitutunun birgə təşkilatçılığı ilə “Soyqırımlar xalq yaddaşında” mövzusunda beynəlxalq elmi sərgi-konfrans keçirilib.

APA-nın xəbərinə görə, iclasda çıxış edən komissiyanın sədri, AMEA prezidenti Akif Əlizadə soyqırım tədqiqatlarının, o cümlədən Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında AMEA alimlərinin qarşısında duran vəzifələrdən danışıb.

Onun sözlərinə görə, azərbaycanlılara qarşı törədilmiş soyqırım cinayətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilməlidir. İşçi qruplarında fəaliyyət göstərən tədqiqatçı alimlərin qarşısında duran vəzifələrdən danışan A.Əlizadə bu sahədə nəzərdə tutulan planlar və mövcud problemlər barədə məlumat verib: “Bu istiqamətlər üzrə kitab və xəritələrin nəşri, tarixi mövzuda zəngin faktlarla əhatə olunan elmi məqalələrin xarici dillərə tərcümə olunaraq təbliğ edilməsinin ermənilərin uydurma “faktlar”a uyğun yaydıqları informasiyalara tutarlı cavabdır. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin imzaladığı “Erməni diasporuna qarşı effektiv mübarizə tədbirlərinin və koordinasiya işinin gücləndirilməsinə dair Fəaliyyət Planı”nda AMEA qarşısında da konkret vəzifələr qoyulub”.

Komissiyanın sədr müavini, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli soyqırım tədqiqatları ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, akademiya azərbaycanlılara qarşı soyqırımlar tarixini yenidən və əsaslı şəkildə öyrənməyi humanitar və ictimai elmlərin mühüm vəzifələrindən biri hesab edir: "AMEA Rəyasət Heyəti nəzdində “Azərbaycanlılara qarşı soyqırımların tədqiqi” adlı alimləri birləşdirən xüsüsi komissiyanın yaradılması həmin vəzifələrin həyata keçirilməsi sahəsində atılan mühüm addımdır".

AMEA Folklor İnstitununun direktoru Muxtar İmanov isə bildirib ki, konfransın keçirilməsində məqsəd əsrlər boyu azərbaycanlılara qarşı həyata keçirilən soyqırımları öyrənən və araşdıran elm adamlarının bir araya gəlməsini təmin etmək, onların fikirlərini Azərbaycan və dünya ictimaiyyətinə çatdırmaqdır.

Konfransın davamında “1905-ci il soyqırımları xalq yaddaşında və tarixi qaynaqlarda”, “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və erməni-türk qarşıdurmaları”, “Erməni-Osmanlı münasibətləri və soyqırım məsələləri”, “Urmiya və Salmasda erməni quldurlarının törətdiyi qətliamlar”, “Sumqayıt hadisələri”, “Qarabağ müharibəsi və soyqırımlar”, “Xocalı” və digər mövzularda məruzələr dinlənilib.

Akademiyada ilk dəfə soyqırımı hadisələrinə həsr olunmuş sərgidə AMEA əməkdaşlarının 30-a qədər əsəri nümayiş etdirilib. Sərgi çərçivəsində əməkdar incəsənət xadimi Elturan Avalovun Şuşa memarlıq abidələrinə həsr edilib, mədəni irsə qarşı soyqırımı aspektində əsərləri də nümayiş olunub.
Diaspora