"Azərbaycanda köhnə və qəzalı yaşayış binalarının sökülməsi prosesi müxtəlif maliyyələşdirmə modelləri əsasında həyata keçirilir. Bu istiqamətdə işlər əsasən üç formada icra olunur".
Qaziler.az Baku.ws-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, birinci model dövlət büdcəsi hesabına həyata keçirilən layihələri, ikinci model investorların maliyyələşdirdiyi layihələri, üçüncü model isə dövlət və özəl sektorun birgə iştirak etdiyi qarışıq maliyyələşmə mexanizmini əhatə edir:
"Dövlət vəsaiti hesabına reallaşdırılan layihələr daha çox abadlıq və şəhərsalma işlərinə yönəlib. Hazırda dövlət sifarişi ilə yeni yaşayış binalarının tikintisi nəzərdə tutulmur. Köhnə binaların sökülərək yerində yeni yaşayış komplekslərinin inşası əsasən investorlar tərəfindən həyata keçirilir.
Hazırda söküntü işlərinin daha intensiv aparıldığı rayonlardan biri Binəqədidir. Burada 1-ci, 2-ci və 3-cü Mədən küçələri, Ağa Nemətulla küçəsi, Bağ küçəsi və Ağasadıq Gəraybəyli küçəsi üzrə layihələrin icrasına başlanılması nəzərdə tutulur.
Yenidənqurma proqramı paytaxtın digər rayonlarını da əhatə edir. Belə ki, Nərimanov rayonunda Nazim Hacıyev küçəsi, Yasamal rayonunda Yeni Yasamal yaşayış massivinin bəzi hissələri, Nəsimi rayonunda Mirəli Qaşqay küçəsi, Səbail rayonunda Salman Mümtaz küçəsi, Badamdar qəsəbəsində Seyran Məmmədov küçəsi, Xətai rayonunda Oksigen və Nəsrəddin Tusi küçələri, həmçinin Nizami rayonunun müxtəlif ərazilərində də söküntü və yenidənqurma layihələrinin həyata keçirilməsi planlaşdırılır".
AQC sədri əlavə edib ki, Sabunçu rayonunda Məmmədəliyev və Puşkin küçələri, Suraxanı rayonunun Bülbülə və Ramana qəsəbələri, eləcə də Pirallahıda Səməd Vurğun və Rasim Şahsuvarov küçələri də proqram çərçivəsində nəzərdə tutulan ünvanlar sırasındadır:
"Söküntü prosesi təkcə Bakı ilə məhdudlaşmır. Sumqayıt şəhərinin 5-ci, 17-ci və 21-ci məhəllələrində layihələrin icrasına başlanılıb. Eyni zamanda Naxçıvanda da söküntü işlərinə start verilib. Cənub bölgəsində, xüsusilə Masallıda da oxşar layihələrin həyata keçirilməsi istiqamətində addımlar atılır.
Qarşıdakı illərdə yenilənmə proqramı mərhələli şəkildə Azərbaycanın digər şəhər və rayonlarını da əhatə edəcək. Bununla yanaşı, əsas prioritet Bakı şəhərinin 2040-cı ilədək Baş Planında nəzərdə tutulan tədbirlərin icrası və istismar müddətini başa vurmuş, qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülərək yenilənməsidir".



