İşğaldan azad edilmiş ərazilərdə mina insidentinin yerləri müəyyənləşdiriləcək – AMZA-dan unikal layihə

İşğaldan azad edilmiş ərazilərdə mina insidentinin yerləri müəyyənləşdiriləcək –  AMZA-dan unikal layihə backend

Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA) İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondunun birgə elan etdiyi qrant müsabiqəsinin maliyyə dəstəyi ilə “Təhlükəsiz qayıdış: mina təhlükəsi ilə mübarizəyə dəstək” layihəsinin icrasına başlayıb.

Qaziler.az xəbər verir ki, bu barədə AMZA-nın sədri, layihə rəhbəri Rey Kərimoğlu məlumat verib. Onun sözlərinə görə, əsasən doxsanıncı illəri - Qarabağda döyüş əməliyyatlarının intensiv gedən dövrü əhatə edən layihənin 4 aya başa çatdırılması nəzərdə tutulub:

“Layihənin əsas məqsədi əhalinin işğaldan azad edilmiş əraziyə təhlükəsiz qayıdışını təmin etməyə dəstək verməkdir. Bildiyiniz kimi, işğalçı ermənilər Qarabağda böyük sayda mina basdırıb. Eyni zamanda ərazidə xeyli sayda partlamamış hərbi sursat var. Təşkilatımız Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 2024-2025-ci illərdə 19 şəhər və rayonda minadan zərərçəkənlərlə (beynəlxalq forma olan İMİSMA agentləri ilə) sorğular keçirib. 1360 minadan zərərçəkənin mina hadisəsi, onların ehtiyacları öyrənilib. Bu il biz “Təhlükəsiz qayıdış: mina təhlükəsi ilə mübarizəyə dəstək” layihəsi çərçivəsində işğaldan azad edilmiş ərazilərdə mina insidentinin yerlərini müəyyənləşdirəcəyik. Görəcəyimiz işi daha konkret izah edim: işğaldan azad edilmiş ərazilərdə kim harada minaya düşübsə, həmin şəxsi minaya düşdüyü əraziyə aparacağıq. Bir başa minaya düşdüyü yerin koordinatlarını elə oradanca götürüləcək. Mina insidenti yerlərinin koordinatları götürülərək hesabat hazırlanacaq. Bu hesabat ANAMA-ya təqdim ediləcək. Yeri gəlmişkən, xüsusi ilə qeyd edim ki, bu işdə ANAMA rəhbərliyi bizə həmişə dəstək verib. Bu dəfə də onların yaxından dəstəyinə ehtiyacımız olacaq.”

R.Kərimoğlu qeyd edib ki, layihə hələlik Ağdam, Ağdərə və Tərtər rayonlarının ərazisində icra ediləcək. Gələcəkdə isə işğaldan azad edilmiş digər ərazilərdə bu iş görüləcək. Onun sözlərinə görə, layihə əsasən doxsanıncı illəri - Qarabağda döyüş əməliyyatlarının intensiv gedən dövrü əhatə edəcək.

“Layihənin icrasında əsasən minadan zərərçəkənlər iştirak edəcək. Açığı, çox unikal, riskli və çətin bir layihədir. Azərbaycanda ilk dəfədir belə bir layihə icra ediləcək. Amma təşkilatımızın yaxşı formalaşmış peşəkar bir komandası var. Eyni zamanda, bu işləri yüksək səviyyədə bilən Beynəlxalq Avrasiya Mətbuat Fondu yenə bizə yaxından dəstək verəcək. Bütün bunları nəzərə alsaq, işimizi uğurla icra edə biləcəyimizə əminik. Layihə əsasən doxsanıncı illəri - Qarabağda döyüş əməliyyatlarının intensiv gedən dövrü əhatə edəcək”, - deyə R.Kərimoğlu bildirib.

QAZİLER.AZ