“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Yüksək Mənəvi Dəyərlərin Təbliği” layihəsi çərçivəsində maarifləndirici və mədəni tədbir təşkil olunub.
Qaziler.az xəbər verir ki, tədbirin məqsədi nəsillərarası ünsiyyətin inkişaf etdirilməsi, milli-mənəvi dəyərlərin təbliği, ailə və cəmiyyət ənənələrinin qorunması, eləcə də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə dəstək vermək olub. Görüşdə ahıllar, orta nəslin nümayəndələri və gənclər iştirak edərək milli-mənəvi irsin qorunması, ailə dəyərləri və cəmiyyətin inkişafında bu dəyərlərin rolu barədə fikir mübadiləsi aparıblar.
“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri Ruhiyyə Məmmədova bildirib ki, layihənin əsas məqsədi yaşlı nəslin zəngin həyat təcrübəsini, milli adət-ənənələri və mənəvi irsi gənc nəslə çatdırmaq, nəsillər arasında qarşılıqlı anlaşmanı gücləndirmək və milli kimlik şüurunun formalaşmasına töhfə verməkdir.
R.Məmmədova qeyd edib ki, bu cür təşəbbüslər yaşlı nəslin cəmiyyətdəki rolunun daha da güclənməsinə, gənclərin mənəvi dəyərlərə bağlı yetişməsinə və milli irsin gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verir.
Tədbirdə çıxış edən orta nəslin nümayəndələri milli-mənəvi dəyərlərin qorunmasının hər bir vətəndaşın mənəvi borcu olduğunu bildiriblər. Onlar ailə institutunun möhkəmləndirilməsinin, milli adət-ənənələrin yaşadılmasının, böyüklərə hörmət və kiçiklərə qayğının gənclərin tərbiyəsində xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.
Gənclər isə ahılların həyat yolu və təcrübəsindən bəhrələnməyin onlar üçün böyük məktəb olduğunu qeyd edərək, bu kimi görüşlərin milli dəyərlərə bağlılığın möhkəmlənməsinə və vətənpərvərlik hisslərinin güclənməsinə xidmət etdiyini bildiriblər.
Tədbirin bədii hissəsində aşıq musiqisi səsləndirilib, milli ruhu tərənnüm edən ifalar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Sonda xatirə şəkilləri çəkdirilib, iştirakçılara layihənin məqsəd və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.



