30 iyun Azərbaycanda Sevgililər Günü kimi qeyd olunur. Bu tarix 1989-cu ilin 30 iyun tarixində ailə quran İlham və Fərizə Allahverdiyevlərlə bağlıdır.
Qaziler.az xəbər verir ki, 1990-cı il 20 Yanvar faciəsi zamanı həlak olan İlham və onun şəhid olmasına dözməyib özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ölkəmizdə sevginin, sədaqətin simvolu hesab edilir.
1990-cı ilin gəlişi Allahverdiyevlər ailəsinə sevinc yox, kədər gətirdi. Yanvar ayının 19-dan 20-nə keçən gecə sovet tanklarının Bakıya girdiyi an İlham hadisələrin şahidi oldu. Bu şahidlik onu şəhidlik zirvəsinə qaldırdı.
1989-cu ildə iyunun 30-da evlənmişdilər. Bir-birini o qədər ülvi məhəbbətlə sevirdilər ki, bir-birinini ayrılığına dözə bilmədilər...
İlham Əjdər oğlu Allahverdiyev 1962-ci il iyunun 12-də Ağdam rayonunda anadan olmuşdu. Bakıdakı Dadaş Bünyadzadə adına gəmi təmiri zavodunda tokar işləyirdi. Hazırda həmin zavod İlham Allahverdiyevin adını daşıyır.
Fərizə Çoban qızı Allahverdiyeva 1970-ci ildə Ermənistan SSR, Spitak rayonunun Saral kəndində anadan olmuşdu. 1 nömrəli tibb məktəbinin axırıncı kurs tələbəsi idi.
1989-cu il iyunun 30-da toyları olmuşdu. Toyun səsi hələ qulaqlarından getməmişdi. Cəmi 6 ay vüsal şirinliyini dadmışdılar.
Qanlı 20 Yanvar gecəsində atışma eşidiləndə İlham da küçəyə çıxıb. Sonra qonşularla XI Qızıl Ordu meydanına gedib. Qoşunlar şəhərə girən vaxt, - saat 00.30 dəqiqədə yaralanıb. Respublika Klinik Xəstəxanasına aparılıb. Gecə saat 1-də cərrahiyyə əməliyyatı başlayıb. Xəstəxananın işığı keçirildiyindən kağız işığında, kibrit işığında əməliyyat aparılıb. Bundan sonra cəmisi 30 dəqiqə yaşayıb. Axırıncı sözü bu olub: «Anama heç nə deməyin».
Fərizə isə gözləyirdi.
O qanlı yanvar səhəri eşitdi bu xəbəri. Gözləri qaraldı. Evdəkilərin gözündən yayınıb üstünə neft tökdü. Son anda kibriti əlindən aldılar. Hər addımını izləməyə başladılar. Bir gün sonra yanvarın 21-də səhər erkən durub İlhamın böyük qardaşı Eldarın oğlu Əjdərin yatağına doğru gedib, uşağın yorğanını düzəldib. Bir xeyli beləcə durub Əjdərin təbəssüm dolu sifətinə baxıb.
Nə düşünüb görən bu an Fərizə... Öz bədbəxt taleyinimi, İlhamın faciəli ölümünümü... Yoxsa gələcək körpəsinimi...
Gözü yaşlı o biri otağa keçir. Toy şəkillərini stolun üstünə tökür. Baxır, baxır, sonra isə əl boyda bir kağız parçasına bu sözləri yazır: «Mən onsuz yaşaya bilmərəm. Siz məni...» Sözlər burada qırılır. Sonra isə ölüm stəkanını başına çəkir. Bu vaxt saatın əqrəbi 6-nın üstündə idi.
Bugünkü günümüzün Leyli sevgisini, Leyli sədaqətini, Leyli ucalığını görmək istəyənlər Şəhidlər Xiyabanına getsin. Məhəbbətin qoşa zirvəsi uyuyur o torpaqda.
İlham və Fərizənin faciəli talelərinə baxmayaraq, Azərbaycanda Sevgililər Günü onların nikaha daxil olduqları tarixdə qeyd edilir.
QAZİLER.AZ



