Şıxbabalının tikintisinə qərar verildi - Baş planı hazırlanır

Şıxbabalının tikintisinə qərar verildi - Baş planı hazırlanır backend

Xəbər verildiyi kimi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi işğaldan azad olunan 8 yaşayış məntəqəsinin şəhərsalma əsaslandırılmasının hazırlanması məqsədilə 5 şirkətlə 6 satınalma müqaviləsi imzalayıb.

Qeyd edək ki, bərpa edilməsi nəzərdə tutulan Azərbaycanın işğaldan azad edilmiş yaşayış məntəqələrinin siyahısında Ağdam rayonunun Şıxbabalı və Muğanlı kəndləri də var. Bunu Şıxbabalı kəndindən olan, Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu məlumatı Qaziler.az-a təsdiqləyib.

"Artıq Şıxbabalının Baş planı hazırlanır. Ümid edirik ki, gələn ilin sonuna qədər kəndimizə köçəcəyik. Yəni gələn ildən Şıxbabalıya ilk köç başlayacaq. 

Qeyd edim ki, Şıxbabalı Qarabağda ən qədim kəndlərdən biridir. Bu qədim yaşayış məskəninin tarixi eramızdan əvvəl IV əsrə qədər gedib çıxır. Kənddə yerləşən Qaratəpə yaşayış məskəni bunun sübutudur. 

Kənd 1993-cü ilin iyun ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildikdən sonra yandırılmışdı. Şıxbabalının 12 şəhidi var. 1988-ci ilin fevral ayının 22-də Azərbaycanın ilk iki şəhidindən biri olan (Əli və Bəxtiyar - red.) Bəxtiyar Quliyev Ağdamın Şıxbabalı kəndindəndir, məzarı da oradadır. Kənd qəbiristanlığı ermənilər tərəfindən torpaqdan kürünmüşdür. 

Kənddə XVII əsrdə inşa edilmiş məscidin qalıqları var. Qarabağda məşhur olan Seyid Lazım Ağanın yurdu da buradadır.

Görkəmli sovet dövlət xadimi, 10 il Azərbaycan SSR Nazirlər Sovetinin sədri işləmiş Əli İbrahimov da,  yazıçı Cahangir Gözəlov da əslən bizim kənddəndir", - Rey Kərimoğlu qeyd etdi.

QAZİLER.AZ