Bakıda Bulvar ərazisində skuterlərin icarəsi və satışı ilə məşğul olan sahibkar saxlanılıb.
Qaziler.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan 1965-ci il təvəllüdlü Ələkbər Kərim oğlu Allahverdiyev barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə barəsində protokol tərtib olunub. İşə məhkəmədə baxılıb.
Məlum olub ki, Ələkbər Allahverdiyev işçilərinə Səbail rayonu, Bül-bül prospektində küçəyə skuterləri düzdürərək piyadaların hərəkətinə maneə törədib. Polis əməkdaşları ona yaxınlaşaraq irad bildiriblər. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onların tələblərinə məhəl qoymayaraq, hərəkətlərini davam etdirib. Bu səbəbdən həmin şəxs şöbəyə dəvət olunub, lakin sahibkar bundan imtina edib.
Ələkbər Allahverdiyev məhkəmədə əməlindən səmimi peşman olduğunu bildirib və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edib.
Məhkəmənin qərarı ilə Ələkbər Allahverdiyev 150 manat cərimə olunub və iclas zalından azad edilib.



