Yaxın günlərdə müharibə əlilləri və şəhid ailələrinə yeni mənzillər təqdim olunacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən QAZİLER.AZ-a bildirilib ki, müharibə əlilləri və şəhid ailələri üçün ölkənin 52 rayonunda 375 fərdi yaşayış evinin tikintisinə başlanılıb.
Bunlardan 10 rayon üzrə inşası başa çatmış 65 fərdi ev və 3 şəhərdə hazır yaşayış binalarından alınıb təmir etdirilərək 56 mənzil istifadəyə verilib. Həmçinin Tərtər rayonunda 54 mənzilli yaşayış binası cari ildə müharibə əlilləri və şəhid ailələrinə təqdim olunub.Ümumilikdə, cari ilin ötən dövründə 175 nəfər müharibə əlili və şəhid ailəsi mənzillə təmin edilib.
Müharibə əlilləri və şəhid ailələri üçün hazırda respublikanın bölgələrində 310 fərdi ev tikilir. Onlardan 73 evin inşası artıq tam yekunlaşıb. Qalan evlərin isə böyük əksəriyyətinin tikintisi tamamlanmaq üzrədir.
Yaxın vaxtlarda Salyan, Sabirabad, Şabran, Siyəzən, Ağdaş, İmişli və digər rayonlarda yeni fərdi evlərin həmin ailələrə verilməsi gözlənilir. Bununla yanaşı Bakı şəhərində hazır yaşayış binalarından alınmış mənzillərdən təmir işləri başa çatdırılmış 88 mənzilin də müharibə əlilləri və şəhid ailələrinə təqdim olunması nəzərdə tutulub.
Bu kateqoriyadan olan şəxslər üçün İmişli və Beyləqan rayonlarının hər birində 54 mənzilli, Şamaxı rayonunda isə bir 36 mənzilli yaşayış binasında tikinti işləri də artıq yekunlaşmaqdadır. Bakıda 96 mənzilli yaşayış binasının inşası isə davam etdirilir.