Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Azərbaycan Qadınlarının Haqlarının Müdafiəsi” İctimai Birliyi tərəfindən həyata keçirilən “Regionlarda Qadınların Peşə İnkişafı Proqramı” layihəsi çərçivəsində Laçın şəhərində növbəti təlim təşkil olunub.
Təlimin əsas məqsədi qadınların əl işlərinin hazırlanması sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, onların hazırladıqları məhsulların bazara çıxarılması və satış imkanları barədə məlumatlandırılmasını təmin etmək olub.
Tədbirin açılışında layihə rəhbəri Nəsirova İradə layihənin qadınların iqtisadi müstəqilliyinin gücləndirilməsinə və məşğulluq imkanlarının artırılmasına xidmət etdiyini vurğulayıb. Bildirilib ki, peşə bacarıqlarına malik qadınların öz məhsullarını bazara çıxarması və gəlir əldə etməsi onların sosial rifahının yüksəlməsinə mühüm töhfə verir.
Təlim zamanı iştirakçılara muncuqla işləmə, toxuculuq və müxtəlif dekorativ bəzək əşyalarının hazırlanması texnikaları haqqında nəzəri və praktiki biliklər təqdim olunub. Xanımlar məhsulların hazırlanma mərhələləri, istifadə olunan materiallar və keyfiyyət göstəriciləri barədə ətraflı məlumat əldə ediblər.
Eyni zamanda, iştirakçılara məhsulların düzgün qiymətləndirilməsi, bazara çıxarılması və effektiv satış strategiyalarının qurulması ilə bağlı vacib məlumatlar verilib. Təlimçi hər bir iştirakçıya fərdi yanaşaraq onların hazırladığı məhsulların keyfiyyətinin artırılması üçün praktiki tövsiyələr təqdim edib.
Təlim çərçivəsində qadınlar müştəri davranışı, bazar tələbi və rəqabət mühiti haqqında ilkin biliklər əldə ediblər. Onlara məhsulların brendləşdirilməsi, cəlbedici təqdimatı və sosial media platformaları vasitəsilə satış imkanlarından səmərəli istifadə yolları izah olunub.
Praktiki məşğələlər zamanı iştirakçılar öz hazırladıqları məhsullar üzərində işləyərək yeni bacarıqlar qazanıb, yaradıcı ideyalarını reallaşdırıblar. Təlimin sonunda qadınlar hazırladıqları əl işlərini təqdim edərək onların satış potensialını qiymətləndirib, məhsulların bazarda rəqabət qabiliyyətinin artırılması ilə bağlı fikir mübadiləsi aparıblar.
İştirakçılar belə təlimlərin onların peşə inkişafına və gələcəkdə öz kiçik bizneslərini qurmasına mühüm dəstək olduğunu bildirərək layihənin təşkilatçılarına təşəkkür ediblər. Qeyd olunub ki, əldə olunan bilik və bacarıqlar qadınların iqtisadi fəallığının artmasına və ailə rifahının yaxşılaşmasına töhfə verəcəkdir.
informator.az



