İyunun 25-də Xankəndi şəhərində “Xankəndi Tibb Mərkəzi”nin rəsmi açılış mərasimi keçirilib.
Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən məlumata görə, tədbirdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, tibb ictimaiyyətinin nümayəndələri və qonaqlar iştirak ediblər.
Açılış mərasimində çıxış edən Prezidentin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, əhalinin keyfiyyətli səhiyyə xidmətləri ilə təmin olunması istiqamətində görülən tədbirlər barədə məlumat verib. O, bölgədə özəl səhiyyə sektorunun inkişafının mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Bildirilib ki, müasir tibbi avadanlıqlarla təchiz olunan mərkəzdə ambulator qəbul, laborator diaqnostika, stomatologiya, psixologiya, pediatriya, kardiologiya, ginekologiya və digər tibbi xidmətlər göstəriləcək. Daha sonra qonaqlar mərkəzdə yaradılan şəraitlə tanış olublar.
O da xüsusi vurğulanıb ki, tibb mərkəzinin fəaliyyətə başlaması bölgədə səhiyyə xidmətlərinin əlçatanlığının artırılmasına, yeni iş yerlərinin yaradılmasına və Qarabağın sosial-iqtisadi inkişafına mühüm töhfə verəcək.
Tədbir çərçivəsində elmi-praktiki konfrans da keçirilib. Konfransda səhiyyənin inkişafı və müasir tibbi xidmətlərin təşkili ilə bağlı məruzələr dinlənilib, daha sonra panel müzakirələri aparılıb.



