Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı və bu sahədə lisenziya verən 3 dövlət qurumu müəyyənləşdirilib. Azərbaycanda dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar fəaliyyət növləri istisna olmaqla, sahibkarlıq fəaliyyətinin lisenziya tələb olunan bütün növləri üzrə lisenziyalar İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən veriləcək.
APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 21 dekabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilən “Lisenziyalaşdırma Qaydası”nda əksini tapıb.
Beləliklə, digər nazirliklərin sahibkarlıq fəaliyyətinin lisenziya tələb olunan bütün növləri üzrə lisenziyalar vermək səlahiyyəti ləğv olunub, bu sahədə yeganə səlahiyyətli orqan İqtisadiyyat və Sənaye Nazirliyi müəyyən edilib. Bununla əlaqədar “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı da ləğ edilib. İstisna hal kimi Naxçıvan Muxtar Respublikasında fəaliyyət növlərinə lisenziyaları Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq icra hakimiyyəti orqanları verəcək.
Dövlət başçısının 21 dekabr tarixli fərmanı ilə “Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri” də təsdiqlənib. Özəl myhafizə fəaliyyəti üçün lisenziyanı 1500 manat dövlət rüsumu ödənməklə Dövlət Təhlükəsizliyi Xidməti (Azərbaycan Respublikasının ərazisində xarici hüquqi şəxslər, yaxud əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən təsis edilmiş hüquqi şəxslərin, o cümlədən birbaşa və ya dolayı yolla xarici kapitalın iştirakı ilə yaradılmış hüquqi şəxslərin öz mühafizəsini təmin etmək üçün), digər hallarda Daxili İşlər Nazirliyi verəcək. İnformasiya mühafizə vasitələrinin layihələndirilməsi və istehsalı sahəsində fəaliyyət üçün lisenziyanı 1100 manat dövlət rüsumu ödənilməklə Dövlət Təhlükəsizliyi Xidməti, biometrik texnologiyaların yaradılması və həmin texnologiyalara xidmət göstərilməsi və fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmət göstərilməsi üçün lisenziyaları isə 1100 manat dövlət rüsumu ödənilməklə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi verəcək.
Dövlət başçısının 21 dekabr tarixli fərmanı ilə lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri də təsdiqlənib.