Şəhiddən qalan son foto: Üçrəngli bayrağımızı səmada çəkən ilk PİLOT

Şəhiddən qalan son foto: Üçrəngli bayrağımızı səmada çəkən ilk PİLOT backend

Modern.az saytının "Şəhiddən qalan son foto" rubrikası davam edir. Budəfəki təqdimat Fəxrəddin İlham oğlu Əsgərovun əziz xatirəsinə həsr olunur

 

O, Azərbaycanın müstəqillik dövründə yetişən ilk hərbi təyyarəçilərindən, Türkiyə Ali Hərbi Təyyarəçilik Akademiyasından məzun olan ilk azərbaycanlılardan biridir. Azərbaycan Hərbi Hava Qüvvələrinin inkişafında xüsusi xidmətləri olan, üçrəngli bayrağımızı ilk dəfə Vətən səmasına çəkən şəhid pilot polkovnik-leytenant Fəxrəddin Əsgərov haqqında xanımı danışıb.

 

Şəhidin həyat yoldaşı Ramilə Əsgərovanın sözlərinə görə, Fəxrəddin çox qabliyyətli, savadlı, yüksək intellekt sahibi, sözün həqiqi mənasında işinin peşəkarı idi. O, sadə, təvazökar, öndə görünməyi xoşlamayan biri olub:

 

"Fəxrəddin çox dostcanlı, səmimi, insanlara qarşı həssas, diqqətcil, sevgidolu insan idi. Həyat yoldaşım şəhid olduqdan sonra onun şəkillərindən video və s. hazırlamaq istədikdə tək halda çəkilmiş fotosunu tapmaqda çətinlik çəkirdim. Əksər şəkilləri yoldaşları, yaxınları ilə kollektiv çəkilib. Bir də övladları ilə şəkil çəkdirməyi, daha çox isə onların şəklini çəkməyi xoşlayırdı. Hər gün işdən evə qayıtdıqda içəri girən kimi telefonunu çıxarıb böyük həvəslə uşaqların şəklini çəkməyə başlayardı. Ümumiyyətlə, o, hər dəfə evə gəldikdə bayram havası yaşanırdı. Uşaqlar ataları sanki uzunmüddətli, uzaq səfərdən geri qayıdıbmış kimi sevinirdilər. Ata da onların şəkillərini çəkir və vaxt edə bildiyi qədər balacalarla oynayırdı".

 

Bu son şəkil çəkilən vaxt Fəxrəddin evə günorta yeməyinə gəlmişdi...

 

"Çox yorğun idi. Ola bilsin ki, uçuşdan gəlmişdi. Yeri gəlmişkən, çox uçur, təlim keçirdi. Bəzən gün ərzində yeddi-səkkiz dəfə uçuş edirdi. Bir dəfə özünü niyə bu qədər yorduğunu soruşduqda Azərbaycan üçün çoxlu hərbi pilot yetişdirmək lazım olduğunu bildirmişdi. Həmin gün Fəxrəddin evə gəldikdə yorğun, amma dərin bir sevgi ilə uşaqlara yaxınlaşdı, onların ikisini birdən qucağına götürdü. Bu dəfə şəkil çəkmirdi, telefonu da kənara qoymuşdu. Onun hərəkəti diqqətimi çəkdi. Sanki uzun müddət övladlarından ayrı qalıb darıxmışdı. Kim bilir, bəlkə də sonrakı ayrılığın həsrətini əvvəlcədən qəlbinin dərinliklərində hiss edibmiş. Bu dəfə mən telefonu götürüb onların birlikdə şəkillərini çəkdim. O da bundan çox məmnun oldu. Vaxtı olduqda uşaqları gəzməyə aparardı. Bir neçə dəfə onları təyyarələrə baxmağa da aparmışdı. Bu, hələ də onların yadında xoş bir xatirə kimi qalır".

 

Ramilə Əsgərova deyir ki, həyat yoldaşı şəhid olmağından bir neçə gün əvvəl də balacaları həyətə gəzməyə, birlikdə qarla oynamağa çıxarmışdı:

 

"2008-ci ilin yanvar ayı idi. Hava çox qarlı, sərt keçirdi. Hava şəraiti ilə əlaqədar olaraq bir neçə gün idi ki, hərbi uçuşlar - təlimlər də keçmirdilər. Belə hallarda, yəni ardıcıl bir neçə gün uçuş təxirə salındıqda Fəxrəddin narahatlıq keçirirdi. Bir tərəfdən lazımi yerlərdən havanın nə vaxt açılacağını soruşur, digər tərəfdən isə vaxtı boş keçirməməyə, övladlarına qayğı göstərməyə çalışırdı. Onlar qarda gəzə-gəzə yaşadığımız binadan xeyli aralanıb hərbi hissəyə yaxınlaşıblarmış. Həmin vaxt oradan maşınla keçən bir iş yoldaşı hava çox soyuq olduğu üçün, uşaqlar xəstələnərlər deyə onları evə qaytarıb gətirmişdi. Həmin iş yoldaşı Fəxrəddin şəhid olduqdan sonra çox böyük kədər və təəssüf hissi ilə bildirirdi ki, “bilsəm onları evə maşınla gətirməzdim, ata-bala daha çox yol gedər, daha çox vaxt keçirərdilər”.

 

Xanımı deyir ki, şəhid olduğu gün Fəxrəddin yuxudan çox gümrah və yüksək əhval-ruhiyyə ilə qalxmışdı.

 

"2008-ci il yanvar ayının 29-u idi. Axşamdan xəbər verilmişdi ki, həmin gün hava şəraiti təlim uçuşları keçirmək üçün uyğun olacaq. Səhər tezdən böyük həvəslə qalxıb işə getmək üçün hazırlaşmağa başladı. Mən də ona səhər yeməyi hazırlayırdım. Kefi çox kök idi. Mənə bir lətifə də danışdı, güldük. Sonra da zarafatyana şəkildə mənə dedi: “Heç deyirsənmi, belə tezdən işə gedirsən, yeməyini də özün hazırla, ye, qoy mən yatım”. Mən də gülərək "buna mən özüm də razı olmaram” dedim.

Evdən çıxarkən hər zamankı kimi uşaqların otağına girdi. Yuxulu olan körpələri oyandırmayaraq, yavaşca onların üzündən öpdü. Həmin vaxt 2 yaşında olan qızımız Zəhra yuxudan oyandı və “Ata, işə getmə!” deyərək ağlamağa başladı. Fəxrəddin isə uşağı sakitləşdirməyə çalışdı: “Qızım, qoy ata getsin, düşmənləri qovsun, sonra gələcək”, - dedi. O vaxt oğlumuz Fatih də 4 yaşında idi. O, atasını qapiya qədər yola salmağı xoşlayırdı. Atası onun üzündən öpüb "bilirsən də oğlum, ata evdə olmayanda anan ilə bacın sənə əmanətdir”, - dedi və gülümsəyən gözlərlə bizə tərəf baxıb sağollaşdı. Onun mənim ağlımda qalan son fotosu həmin o gülümsəyən gözləri oldu!"

 

Fəxrəddin İlham oğlu Əsgərov 29 iyun 1974-cü ildə Qazax rayonunda ziyalı ailəsində dünyaya gəlib. Təhsilini Qazax rayon Səməd Vurğun adına 2 saylı tam orta məktəbin rus bölməsində alıb. Məktəbi yüksək qiymətlərlə bitirib. 1992-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və elə həmin il müsabiqə yolu ilə seçilərək hərbi təhsilini davam etdirmək üçün Türkiyə Respublikası Ali Hərbi Təyyarəçilik Akademiyasına göndərilib. 1996-cı ildə ali təhsilini yüksək göstəricilərlə başa vurub.

 

1996-2008-ci illərdə Azərbaycan Ordusunda yüksək peşəkarlıq və vətənpərvərliklə xidmət edərək baş təyyarəçi vəzifəsindən qərargah rəisi və hərbi hissə komandiri vəzifələrinədək yüksəlib. Hərbi təyyarəçi kimi xidmət etdiyi dövrdə L-39, SU-17, SU-25 və MİQ-29 tipli döyüş təyyarələrini idarə etməyi qısa müddətdə mənimsəyib, Azərbaycanda gənc pilotların yetişdirilməsində təlimatçı-təyyarəçi kimi fəal iştirak edib.

 

Azərbaycan müstəqillik əldə etdikdən sonra hava sərhədi ilk dəfə pozularkən (2001-ci ildə İran tərəfindən) pozucu qüvvələrin üzərinə göndərilən hərbi pilot Fəxrəddin Əsgərov olub. O, 2004, 2006 və 2007-ci illərdə hərbi təyyarələrimizin paytaxt səmasında və Xəzər dənizi üzərində keçirdiyi nümayişlərin təşkilində və icrasında yüksək fəallıq göstərib, dövlət bayrağımızın rəsmini Vətən səmasına çəkən ilk pilotlarımızdan biri olub.

 

2005-ci ildə, 31 yaşında polkovnik-leytenant hərbi rütbəsinə yüksəlib. Xidmət müddətində 24 iyun 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə “Hərbi xidmətlərə görə” medalı, 25 iyun 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin adından müdafiə nazirinin əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medal və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə təltif edilib.

 

Xidmət etdiyi illərdə müxtəlif vaxtlarda Türkiyədə, Macarıstanda, ABŞ-də, Ukraynada və BƏƏ-də xarici ezamiyyətlərdə olub.

 

2008-ci il yanvarın 29-da döyüş hazırlığı planına uyğun olaraq kapitan Əfqan Aslanovla birlikdə MİQ-29 hərbi təyyarəsi ilə təlimatçı qismində hava döyüşü uçuşu yerinə yetirərkən təyyarənin Xəzər dənizinin Şuraabad istiqamətində qəzaya uğraması nəticəsində şəhid olub. Aparılan axtarışlar zamanı digər pilotun nəşi tapılıb və II Fəxri xiyabanda dəfn edilib. Lakin Fəxrəddin Əsgərovun nəşi tapılmayıb.

 

Həyatını Azərbaycan Hərbi Hava Qüvvələrinin inkişafına həsr edən Fəxrəddin Əsgərov 33 yaşında sözün əsl mənasında canını təmənnasız şəkildə Vətən uğrunda verib. O, canından çox sevdiyi Vətənin bir məzarlıq yerini belə sanki özü üçün çox görüb. Bu gün onun məzarı yoxdur...

 

Lakin arzu və əməlləri özündən sonra qoyduğu yolla uğurla davam etdirilib. Fəxrəddin Əsgərovun təlim keçdiyi və uçmağı öyrətdiyi pilotlar Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək işğal altında olan torpaqlarımızın azad edilməsində mühüm rol oynayıblar. Onun təlim keçdiyi hərbçilərin bir qismi hazırda Azərbaycan Ordusunda general rütbəsinə yüksəlib və Vətənə xidmətlərini davam etdirirlər.

 

Fəxrəddindən yadigar qalan iki övladı isə bu gün ali təhsilli gənclər kimi yetişib.