Laçın şəhərində qadınların peşə inkişafına dəstək məqsədilə ikinci təlim keçirilib

Laçın şəhərində qadınların peşə inkişafına dəstək məqsədilə ikinci təlim keçirilib backend

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Azərbaycan Qadınlarının Haqlarının Müdafiəsi” İctimai Birliyi tərəfindən həyata keçirilən “Regionlarda Qadınların Peşə İnkişafı Proqramı” layihəsi çərçivəsində Laçın şəhərində növbəti təlim keçirilib.

Təlimdə Laçın şəhəri, Sus və Bəylik kəndlərindən olan qadınlar iştirak edərək öz peşə təcrübələrini və bacarıqlarını bölüşüblər. İştirakçılar arasında müxtəlif sahələr üzrə təcrübəyə malik xanımların olması təlimin daha məhsuldar keçməsinə şərait yaradıb. Onlar əldə etdikləri bilik və bacarıqları gənc nəslə, eləcə də digər yaş kateqoriyalarından olan qadınlara öyrətməyə hazır olduqlarını bildiriblər.

Müzakirələr zamanı qadınlar bölgədə peşə məktəblərinin yaradılmasının vacibliyini vurğulayaraq, bu cür təhsil müəssisələrinin qadınların və gənclərin məşğulluğuna, peşə bacarıqlarının inkişafına mühüm töhfə verəcəyini qeyd ediblər.

Təlim çərçivəsində iştirakçılar əl işlərinin hazırlanması sahəsində öz təcrübələrini bölüşərək müxtəlif məhsulların hazırlanma üsulları haqqında ətraflı məlumat veriblər. Xanımlar əl işlərinin hazırlanmasının həm yaradıcılıq, həm də gəlir əldə etmək baxımından əhəmiyyətindən danışıblar.

Tədbirin praktiki hissəsində bəzək əşyalarının hazırlanması nümayiş etdirilib. İştirakçılara muncuq düzülüşü texnikaları izah olunub, broş və qolbaqların hazırlanması mərhələləri əyani şəkildə göstərilib. Xanımlar öz əl işlərini təqdim edərək onların hazırlanma qaydaları və istifadə olunan materiallar barədə məlumat veriblər.

Təlim iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Onlar belə görüşlərin həm təcrübə mübadiləsi, həm də yeni əməkdaşlıq imkanlarının yaranması baxımından əhəmiyyətli olduğunu bildiriblər. Qeyd olunub ki, layihə qadınların iqtisadi fəallığının artırılmasına, peşə bacarıqlarının inkişafına və özünüməşğulluq imkanlarının genişlənməsinə mühüm dəstək verir.

Sonda iştirakçılar gələcəkdə də bu cür təlim və ustad dərslərinin davam etdirilməsinin vacibliyini vurğulayaraq təşkilatçılara təşəkkürlərini bildiriblər.

informator.az