Laçın şəhərində qadınların peşə inkişafına dəstək məqsədilə ilk təlim keçirilib - FOTO

Laçın şəhərində qadınların peşə inkişafına dəstək məqsədilə ilk təlim keçirilib - FOTO backend

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Azərbaycan Qadınlarının Haqlarının Müdafiəsi” İctimai Birliyi tərəfindən həyata keçirilən “Regionlarda Qadınların Peşə İnkişafı Proqramı” layihəsi çərçivəsində Laçın şəhərində ilk təlim təşkil olunub.

Tədbirin açılışında layihə rəhbəri İradə Nəsirova layihənin məqsəd və əhəmiyyətindən bəhs edərək bildirib ki, proqramın əsas hədəf qrupu işğaldan azad edilmiş Laçın şəhəri, Sus və Bəylik kəndlərində yaşayan 20–45 yaş arası qadınlardır. Onun sözlərinə görə, bu qadınların əksəriyyəti uzun illər məcburi köçkün həyatı yaşayıb və hazırda yenidən qurulan icmalarda sosial və iqtisadi fəaliyyət imkanları məhduddur.

Layihə rəhbəri qeyd edib ki, proqram qadınların peşə bacarıqlarının artırılması, gəlir gətirən fəaliyyətlərə cəlb olunması və ailə rifahının yaxşılaşdırılmasına dəstək məqsədi daşıyır. Layihə çərçivəsində iştirakçılar tikiş, toxuculuq, naxışçılıq və sahibkarlıq sahələri üzrə təlimlərdə iştirak edərək yeni bilik və bacarıqlar əldə edəcəklər. Bu bacarıqlar onların gələcəkdə öz kiçik bizneslərini qurmasına və iqtisadi müstəqillik qazanmasına şərait yaradacaq.

Vurğulanıb ki, layihə eyni zamanda gender bərabərliyinin təşviqinə, qadınların iqtisadi fəallığının artırılmasına və icmalarda qadın liderliyinin formalaşmasına töhfə verəcək. Bu yanaşma regionda qadınların sosial statusunun yüksəlməsinə və dayanıqlı inkişafın təmin olunmasına xidmət edəcək.

Təlim zamanı iştirakçı qadınlar da öz fikirlərini bölüşüblər. Onlar ailələrinə daha yaxşı dəstək olmaq üçün bölgədə yeni iş imkanlarının yaradılmasının vacibliyini qeyd edib, bu cür layihələrin və peşə yönümlü təlimlərin gələcəkdə öz bizneslərini qurmaq və əmək bazarında daha fəal iştirak etmək baxımından mühüm stimul olduğunu bildiriblər.

Təlim səmimi müzakirələr şəraitində davam edib. İştirakçılar çay süfrəsi arxasında fikir mübadiləsi apararaq həm layihə ilə bağlı gözləntilərini bölüşüb, həm də gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Qeyd edək ki, “Regionlarda Qadınların Peşə İnkişafı Proqramı” layihəsinin əsas məqsədi qadınların peşə bacarıqlarının artırılması, onların iqtisadi imkanlarının genişləndirilməsi və sosial həyata daha fəal inteqrasiyasına dəstək göstərməkdir.

informator.az