Doqquz yaşından 33 yaşınadək əlilliyə görə müavinət alan Suraxanı rayonu, Hövsan qəsəbə sakini Vüsal Məmmədovun ödənişi kəsilib.
Qaziler.az "Xəzər TV"yə istinadla xəbər verir ki, müavinət bu ilin aprel ayında dayandırılıb.
Vüsal Məmmədov iddia edir ki, bu günə kimi hər beş ildən bir təkrar komissiyadan keçib. Anadangəlmə ikitərəfli əyripəncəlik, funksiyanın pozulması diaqnozu ilə 3-cü qrup əlliliyə görə 180 manat müavinətlə təmin edilib.
Vüsal Məmmədov deyir ki, təkrar komissiyadan keçmək məqsədi ilə ərazi üzrə 23 nömrəli Şəhər poliklinikasına müraciət edib. Lakin gözlədiyi nəticəni əldə edə bilməyib.
TƏBİB-dən "Xəzər Xəbər"ə bildirilib ki, Vüsal Məmmədov 2011-ci ildən etibarən anadangəlmə ikitərəfli əyripəncəlik, funksiyanın pozulması diaqnozu ilə 23 nömrəli Şəhər poliklinikasında dispanser qeydiyyatdadır. 2012-ci ildən III qrup əlillik təyinatı alıb. Əlillik müddəti bitdiyi üçün bu il aprelin 27-də təkrar həmin poliklinikaya müraciət edib və zəruri tibbi müayinələrə göndərilib.
Mayın 5-də poliklinikanın Həkim məsləhət komissiyası təqdim edilən sənədləri əlillik meyarına uyğun olduğu üçün rəsmiləşdirib və 11 nömrəli Şəhər poliklinikasının Mərkəzi həkim komissiyasına göndərib. Daha sonra müvafiq sənəd rəsmiləşdirilərək Tibbi-sosial ekspertiza komissiyasına təqdim edilib. Komissiya tərəfindən sənədə mayın 26-da ekspertiza üçün əhəmiyyətli olan ağırlaşmaların dəqiqləşdirilməsi göstərişi ilə imtina verilib.
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan verilən rəyə əsasən, sənəddə ağırlaşmalar qeyd edilib. Vətəndaş iyunun 5-də Tibbi-sosial ekspertiza komissiyasında əyani baxışda olub.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən isə bildirildi ki, Vüsal Məmmədovun əlilliyi həm elektron sistem üzərindən, həm də qurumun həkim-eksperti tərəfindən əyani baxış zamanı qiymətləndirilib. Müayinə zamanı onun hazırki sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən edilib.



