12 iyun 2026-cı il tarixində Ağdam Muğam Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun anım günü qeyd edilib.
Qaziler.az bildirir ki, Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Milli Məclisin deputatı Elman Məmmədov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Milli Qəhrəmanın ailə üzvləri, döyüş yoldaşları, şəhid ailələri, qazilər, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, din xadimləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları “Şəhidlər” Abidə Kompleksinin önünə gül dəstələri düzərək şəhidlərin ruhuna ehtiramlarını ifadə etmişlər. Ağdam Muğam Mərkəzində davam edən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlamış, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra Milli Qəhrəmanın keçdiyi döyüş yolundan bəhs edən “Mətin komandir” adlı sənədli film nümayiş etdirilib. Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər Allahverdi Bağırovun Azərbaycanın ərazi bütövlüyü uğrunda göstərdiyi misilsiz qəhrəmanlıqdan, xalqın azadlığı naminə fədakarlıqla mübarizə aparmasından və bu müqəddəs amal uğrunda canını fəda edərək şəhidlik zirvəsinə ucalmasından bəhs etmişlər.
Sonda Milli Qəhrəmanın ailə üzvləri çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.



