Əli Həsənovun sədr olduğu dövrdə bu şəhid ailələrinə və qazilərə niyə ev verilmirdi? - R.Kərimoğlu açıqladı

Əli Həsənovun sədr olduğu dövrdə bu şəhid ailələrinə və qazilərə niyə ev verilmirdi? -  R.Kərimoğlu açıqladı backend

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

Əli Həsənovun Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət komitəsində qaçqın statusu olan şəhid ailələrinə və qazilərə ev verilmirdi. 

Bunun səbəbləri ilə bağlı qazi Rey Kərimoğlu feysbuk sosial şəbəkəsində status paylaşıb. Qaziler.az paylaşımı təqdim edir.

"Olan hadisədir!

Mən əvvəllər 3 dəfə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (“Qaçqınkom”) yanında İctimai Şuranın üzvü seçilmişəm. Daha o qurumun üzvü deyiləm.

Ona görə də bu fikirləri rahat yazıram ki, kimsə fikirləşməsin Şuranın üzvüyəm deyə belə yazıram. Yox, əsla belə deyil. Sırf tarixi görə yazıram ki, qalsın. Bir Allah və yüzlərlə Qazi qardaşlarımız şahiddir ki, olanı yazıram...

Bir az əvvəldən başlayım ki, tam anlaşılsın.

Hələ 1994-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin üzvü olmuşam. Sədrimiz də sonralar “Qarabağ qaziləri” birliyinin yaradıclarından biri və sədri olan rəhmətlik Etimad Əsədov idi. Etimad Əsədovun rəhbərliyi ilə cəmiyyət Qarabağ müharibəsi əlillərinin (qazilərin) bir çox problemləri ilə bağlı böyük işlər görürdü. Bu məqsədlə 1994-cü ilin 18 avqustunda E.Əsədov başda olmaqla bir qrup Qarabağ qazısı rəhmətlik ümummilli liderimiz Heydər Əliyevlə görüşdü. (Bu görüşün baş tutması, tam detallarına qədər gələcəkdə geniş yazılar olacaq. Allah möhlət versə, inşallah) O görüşdən Etimad qardaşımız və digərləri real problemləri cənab Prezidentimizin diqqətinə çatdırdı. Üstündən 8 gün keçmiş – 26 avqust 1994-cü ildə rəhmətlik Heydər Əliyev 193 saylı fərman imzaladı. Şəkkiz bəndlik fərmanda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzil şəraitinin yaxşılaşdırılması haqqında bənd də var idi.

Əlqərəz...1996-cı ildən başlayaraq dövlət tərəfindən, konkret Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə şəhid ailələrinə, Qarabağ əlillərinə və onlara bərabər tutulan şəxslərə pulsuz mənzillər verilməyə başladı.

Amma köçkün şəhid ailələrinə və Qarabağ əlillərinə mənzillər verilmirdi. Niyə?

Çünki...

Mənzillər Bakıda, Sumqayıtda və digər şəhər və rayonların yerli icra hakimiyyətlərində mövcud olan “güzəştli şəxslər üçün nəzərdə tutulan mənzil növbəsi”ndə siyahıda olanlara verilirdi.

Necə? Şəhid ailəsi, Qarabağ müharibəsi əlili və onlara bərabər tutulan şəxslər pasport qeydiyyatında olduqları rayon icra hakimiyyətinə müraciət edirdi. İcra hakimiyyətindəki mövcud komissiyada da araşdırma aparılıb həmin şəxsin mənzil şəraitinin yaxşıladırılmasına ehtiyacı olan şəxs statusu verildikdən sonra icra hakimiyyəti başçısı həmin şəxslə bağlı sərəncam verirdi. Yəni onu da qeyd edim ki, mənzil bütün şəhid ailəsi, Qarabağ əlillərinə verilmirdi. Yalnız “mənzil şəraitinin yaxşıladırılmasına ehtiyacı olan şəxs statusu” alan şəxslərə verilirdi.

Həmin Sərəncam da İcra Hakimiyyətinin müvafiq qurumu tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilirdi. Nazirlikdə də həmin şəxslər növbəyə götürülürdü. Vaxtı, məqamı çatanda çağırıb evlərini verirdilər.

Yəni qaydalar bu gün də belədir.

Mənzillər hər kəsə yaşadığı rayon icra hakimiyyətində pasport qeydiyyatında olan bu qəbildən olan insanlar güzəştli mənzil növbəsinə növbəyə götürüldükdən sonra verilirdi.

Köçkünlərin isə Bakıda və digər şəhər və rayonlarda daimi pasport qeydiyyatı yox idi. Köçkün kimi qeydiyyatda idilər. Nazirlik də köçkün Şəhid ailələrinə, Qarabağ əlillərinə ev verə bilmirdi. Hələ Əli Həsənov “Qaçqınkom”un sədri olanda "Qarabağ qaziləri" ictimai birliyi bu məsələni dəfələrlə qaldırmışdı. Amma nəticə olmurdu.

Zəruri qeyd: İkimininci illərdən, xüsusilə müzəffər Ali Baş Komandanımız İlham Əliyev hakimiyyətə gələndən sonra məcburi köçkünlər üçün rahat, müasir tipli yaşayış qəsəbələri salınıb, çoxmərtəbəli binalar tikilməyə başlandı.

Həmin vaxt Etimad Əsədovun "Yeni Müsavat" qəzetində növbəti müsahibəsi oldu. Müsahibədə Etimad bu məsələni yenə qaldırmışdı. Əlavə olaraq demişdi: “Əlacımız yoxdur, yaxın günlərdə “Qaçqınkom”un qarşısında qazilərin piketini təşkil edəcəyik”. Müsahibə yayılan günün səhəri Əli müəllimin köməkçisi mənə zəng edərək Əli müəllimin Etimad Əsədovla məni qəbul etməyə, məsələni müzakirə etməyə hazır olduğunu bildirdi. Mən də Gürcüstana müalicəyə gedirdim, yoldaydım. Etimada zəng edib məlumat verdim, görüşdə iştirak edə bilməyəcəyimi dedim. O da görüşə müaviniylə getdi. Rəhmətlik Etimad Əli Həsənova izah edib ki, 1996-cı ildən bəri köçkün şəhid ailələri və Qarabağ əlilləri dövlətin bu qayğısından kənarda qalıb. Çıxış yolunu da təklif edib. Əli Həsənov da söz verib ki, məsələni həll edəcək. Amma etmədi. Aldatdı bizi.

Onu da qeyd edim ki, Əli Həsənovun vaxtında, Elman adlı qohumunun əli ilə evləri açıqcasına satırdılar. Bu adi bir hal almışdı.

2018-ci ildə Əli Həsənov işdən çıxarıldıqdan sonra komitəyə Rövşən Rzayev komitəyə sədr təyin edildi.

Rövşən Rzayev komitəyə sədr təyin ediləndə “Qarabağ qaziləri” ictimai birliyinin sədri, rəhmətlik Etimad Əsədovla onunla görüşmək üçün müraciət etdik. Tez zamanda komitədən bizə zəng gəldi, Rövşən müəllimlə görüşə dəvət etdilər. Etimad qardaşımız həmin zaman ağır xəstə idi, sağlamlıq durumu imkan vermədiyindən görüşə məni göndərdi.

Rövşən müəllimlə görüşdük. Bizi diqqətlə dinlədi. Bəzi suallar verdi, sonra dedi: “Şəhid ailələri, Qazilər ən yüksək dəyərdi. Onlar daima cənab Prezidentimizin, Mehriban xanımın diqqətindədir. Biz nə lazımdır edərik”. Elə oradaca qərara aldı ki, köçkünlər üçün nəzərdə tutulan yeni tikilmiş binalara köç olanda şəhid ailələrini, Qarabağ əlilləri və onlara bərabər tutulan şəxslər də nəzərə alınsın. Komitədə bu məqsədlə bir siyahı da hazırlandı. Mənzil üçün komitəyə müraciət edən şəhid ailələri, Qarabağ əlilləri o siyahıya salınırdı. Hər dəfə mənzillər veriləndə siyahı üzrə də mənzil verilirdi. Qazilət birliyi də müraciət edənlərin siyahısını ümumiləşdirib dəfələrlə komitəyə təqdim etdi. Bu minvalla təxminən 1000-1500 nəfər köçkün şəhid ailəsi, Qarabağ əlili, onlara bərabər tutulan şəxslər Bakıda, Sumqayıtda və digər yerlərdə tikilən binalarda beləcə evlə təmin edildi.

Minlərlə Şəhid ailəsinə, Qaziyə arxa duran Rövşən Rzayevə və fədakar komandasına minnətdarlıq edirəm!"

QAZİLER.AZ