“Yüksək Mənəvi Dəyərlərin Təbliği” layihəsi çərçivəsində ilk tədbir keçirilib - FOTO 

“Yüksək Mənəvi Dəyərlərin Təbliği” layihəsi çərçivəsində ilk tədbir keçirilib - FOTO  backend

“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilən “Yüksək Mənəvi Dəyərlərin Təbliği” layihəsi çərçivəsində ilk tədbir uğurla baş tutub. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.

Qaziler.az xəbər verir ki, tədbir nəsillərarası ünsiyyətin inkişaf etdirilməsi, milli-mənəvi dəyərlərin təbliği və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədi daşıyıb. Görüşdə ahıllar və gənclər iştirak edərək bir araya gəlib, qarşılıqlı fikir mübadiləsi aparıblar.

Tədbirin açılışında layihənin məqsəd və vəzifələri, nəzərdə tutulan fəaliyyətlər və gözlənilən nəticələr barədə iştirakçılara ətraflı məlumat verilib. Bildirilib ki, layihənin əsas məqsədi yaşlı nəslin həyat təcrübəsini və milli-mənəvi dəyərlərlə bağlı biliklərini gənclərə ötürmək, cəmiyyətdə həmrəylik və qarşılıqlı anlaşmanı gücləndirməkdir.

İlk görüş vətənpərvərlik mövzusuna həsr olunub. Tədbirə dəvət olunmuş şəhid ailələrinin üzvləri çıxış edərək şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan, onların Vətən uğrunda göstərdikləri qəhrəmanlıq nümunələrindən danışıb, gənclərə vətən sevgisi, dövlətə bağlılıq və milli birlik haqqında dəyərli fikirlərini çatdırıblar.

Gənclər də öz həyat hekayələrini, gələcəklə bağlı plan və arzularını bölüşərək tədbirin müzakirələrində fəal iştirak ediblər. Görüş çərçivəsində vətənpərvərlik ruhunda musiqi nömrələri təqdim olunub, iştirakçılar arasında səmimi ünsiyyət mühiti formalaşıb.

Tədbirin maraqlı hissələrindən biri də “Mənim dəyərim” adlı interaktiv müzakirə olub. Müzakirə zamanı iştirakçılar milli-mənəvi dəyərlər, ailə institutu, vətənə bağlılıq, böyüklərə hörmət, məsuliyyət və insanpərvərlik kimi mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Tədbirin sonunda iştirakçılar belə görüşlərin cəmiyyət üçün əhəmiyyətini vurğulayaraq, nəsillərarası əlaqələrin möhkəmləndirilməsi istiqamətində layihənin mühüm rol oynayacağını bildiriblər. Qeyd olunub ki, layihə çərçivəsində qarşıdakı aylarda da müxtəlif mövzularda görüşlər, müzakirələr və maarifləndirici tədbirlər təşkil ediləcək.

Layihənin ilk tədbiri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və gələcək fəaliyyətlər üçün möhkəm zəmin yaradıb.