Qarabağ qazisi İlham Həsənov dünyasını dəyişib

Qarabağ qazisi İlham Həsənov dünyasını dəyişib backend

Qarabağ qazisi Həsənov İlham Bəşir oğlu vəfat edib.

Qaziler.az xəbər verir ki, bu barədə Respublika "Qarabağ qaziləri" İctimai Birliyinin İdarə Heyəti başsağlığı yayıb.

Başsağlığında deyilir:

​“Dərin hüznlə bildiririk ki, Respublika "Qarabağ qaziləri" İctimai Birliyinin Xətai rayon filialının sədri, Birinci Qarabağ müharibəsinin cəsur döyüşçüsü, qazi qardaşımız İlham Həsənov uzun sürən xəstəlikdən sonra gecə saatlarında dünyasını dəyişib.

​İlham Həsənov Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin formalaşdırdığı şanlı batalyonun ilk əsgərlərindən biri olmuş, Vətən torpaqlarının müdafiəsi uğrunda qəhrəmancasına döyüşmüş və qazilik məqamına ucalmışdır. Ömrünün sonunadək qazilərimizin birliyi, onların hüquqlarının müdafiəsi naminə yorulmadan fəaliyyət göstərmişdir.

​Respublika "Qarabağ qaziləri" İctimai Birliyinin İdarə Heyəti və bütün üzvləri adından qazi qardaşımızın ailəsinə, övladlarına, yaxınlarına və bütün doğmalarına dərin hüznlə başsağlığı verir, səbir diləyirik”.

Qeyd olunub ki, mərhum qazinin vida və dəfn mərasimi Ağdam rayonunun İsmayılbəyli kəndində keçiriləcək.

Həsənov İlham Bəşir oğlu 7 fevral 1959-cu ildə Ağdam rayonunun İsmayılbəyli kəndində doğulub. Ailəli olub, 2 oğlu, bir qızı və 6 nəvəsi var. 

Allah rəhmət eləsin.

​QAZİLER.AZ