Yəqin ki, bu sözlərin yazıldığı divarlarla Siz də rastlaşmısınız. İstər-istəməz insanda dərin bir təəssüf hissi yaranır. Bu gün mən də “Sovetski”dən yazmağa qərar verdim. Buradakı söküntü bumu məni də yerimdən oynatmışdı.
“Sovetski” məhəlləsində doğulub böyüməsəm də, artıq 20 ildir ki, özümdən asılı olmayan səbəblərdən mən də bu məhəllənin sakininə çevrilmişəm. Ayrı-ayrı vaxtlarda demək olar ki, bu məhəllənin hər küçəsində kirayələrdə yaşadığım illər gözümün önündən kino lenti kimi keçir. “Sovetski”nin bir cəhəti də ondan ibarətdir ki, bu ərazidə yaşayan insanlar başqa yerdə yaşaya bilmir, öyrəşə bilmir. “Sovetski” insanları məhəlləyə köçən, təzə gələn, kirayədə yaşayan insanları o dəqiqə tanıyır, kimin kim olduğunu araşdırıb öz aralarında o adama qiymət verirlər. “Sovetski”də kimsə kənardan gəlib «xod» gedə bilməz. Buranın insanları məhəlləyə gələn qadının, qızın qeyrətini ondan xəbərsiz çəkirlər. Kimsə özünü yaxşı aparmırsa, ona «həyatı başa salmağa» çalışırlar, bu da alınmayanda, həmin insanı məhəllədən çıxıb getməsini tələb edirlər.“Sovetski”nin bir çox adət-ənənələri var. (Bağışlayın ki, mən bu məhəllə barədə keçmiş kimi yaza bilmirəm). Əgər məhəllə adamları oturub bir yerdə söhbət edirlərsə və bu zaman kimsə yoldan keçirsə, onlar dərhal ayağa qalxırlar. Siqaret çəkən gənclər məhəllədən olan yaşda böyük kimisə görəndə siqaretini gizlədir. Kimsə avtomobili sürətlə sürə bilməz. Kimsə avtomobilində musiqi səsini yüksəldib bu məhəllədən keçə bilməz. “Sovetski” insanı qışqıra-qışqıra danışmaz, ucadan gülməz. Evlər yaxın olduğundan insanlar bacardıqları qədər bir-birinə mane omamağa çalışırlar.
Əlbəttə ki, “Sovetski”nin dar dalanlarında baş verən «qara-qura işlərdən» də danışmamaq düzgün olmazdı. Hər yerdə olduğu kimi, “Sovetski”nin “Kubinka”, “Papanin» kimi məşhur məhəllələri də var ki, bu məhəllələrdə yaşayanlardan narkoman, qumarbaz, cibgir və s. qara işlərlə məşğul olanlar bütün Bakıda məşhurdur. Bakının ən çətin yeri sayılır bu adıçəkilən ərazilər. Burada pis vərdişlərdən uzaq olan bir oğul böyüdən valideynlərə az qala milli qəhrəman kimi baxırdılar. Bu baxımdan “Kubinka” və “Papanin”in bəzi yerləri cibgirlərin, qumarbaz və narkomanların illərlə yığışdığı yerlər olmuşdu. Düzdür, sonralar bu məhəllələrin yalnız adları qalmışdı. Bu ərazilərdə cinayətkar elementlərlə mübarizə aparanlardan biri də mənim mərhum qayınatam Paşa Qasımov olmuşdu. Ömrünün 33 ilini cinayətkarlarla mübarizəyə həsr edən rəhmətlik həm “Kubinka”da yaşadığı dövrdən, həm də sonralar Murtuza Muxtarov küçəsindəki evində yaşayarkən rastlaşdığı bir-birindən maraqlı hadisələrdən daim bizə söhbətlər edərdi. Onun xatirələrindən bir kitab tərtib etmək olar.
Pərviz Elayla hər dəfə küçəyə çıxanda o, bu küçələrdə keçən uşaqlıq xatirələrini danışır, “Kubinka” adlanan yerdə yerləşən 44 saylı məktəbdə oxuduğu illərdə bir məhəllə uşaqlarının daim digər məhəllə uşaqları ilə dalaşdıqlarını, futbol oynadıqları yerləri, gənclik illərində bu küçələrdəki xatirələri ilə bağlı elə maraqlı əhvalatlar danışır ki...
İndi bu evlər, küçələr söküldükcə, sanki insanların xatirələri də sökülür- yavaş-yavaş, hissə-hissə...
Bu gün biz də həm söküntünün vəziyyəti ilə tanış olmaq üçün, həm də sakinlərlə söhbətləşmək üçün “Sovetski”nin küçələrini dolaşdıq.
Vaxtilə hər gün məhz bizim küçə ilə, bizim balkonun altından (M.Muxtarov küçəsi nəzərdə tutulur) işə gedib-gələn dahi bəstəkar Üzeyir Hacıbəyovun keçdiyi bu küçəyə hər dəfə ayaq basanda sanki bu fövqəladə insan gözümün önündən keçir. «Yazıçılar, talelər, əsərlər» kitabında göstərildiyi kimi, Üzeyir Hacıbəyov hər gün səhər saat 8-də M.Muxtarovla Şamil Əzizbəyov küçələrinin kəsişməsində yerləşən evindən çıxıb M.Muxtarovla (keçmiş Poluxinlə) Konservatoriyaya piyada işə gedirdi. Axşam da yenə piyada gəzə-gəzə evə qayıdardı. Çox vaxt geri dönəndə onunla bərabər tanınmış şairlər, məşhur yazıçılar, ədiblər, rəssamlar, memarlar da onların evinə gəlirdilər. Bu küçədən kimlər keçməyib ki... (Adlarını yazsam, uzun bir siyahı alınar).
M.Muxtarov 94-dən çıxıb yavaş- yavaş üzü “Azdrama”ya tərəf gedirik. “Azdrama”nın arxasındakı evlər artıq sökülüb. Mirzağa Əliyevlə üzü yuxarı qalxırıq. Bir –bir sökülən evlərin fotoşəklini çəkirik. Ta ki, N.Nərimanov prospektinə qədər olan ərazidə güclü söküntü işləri gedir. Amma bu sökülən evlərin arasında hələ içində yaşayış olan mənzillər də var. Ərazidə buldozer işləyir. Sökdüyü materialları “Kamaz”lara yükləyir. Ətrafı toz-dumanı bürüyüb. Bu vaxt qarşımıza çıxan sakinlərdən bir neçəsi bizə yaxınlaşaraq söhbətləşirlər.
- Görürsünüz də, biz hansı şəraitdə yaşayırıq. Bizim evimiz toz-torpaq içindədir. Nəfəs ala bilmirik, boğuluruq. Köçə də bilmirik ki, çünki verilən pul çox azdır. Sakinlər bildirirlər ki, bizim problemlərimizdən də yazın. Yazın ki, bizə verilən məbləğ çox azdır. Biz o pula heç şəhərdən mənzil ala bilməyəcəyik. Köçmək istəməyənləri də bax belə şəraitdə saxlayırlar. Hər tərəf palçıq, evə girib-çıxmaq çox çətin olur.
Bu vaxt bizə Valentina Hüseynova adlı bir qadın yaxınlaşır. Deyir ki, o, 55 ildir ki, həmin məhəlləyə gəlin gəlib. Yaşadığı yerdə qonşuların mənzilləri sökülüb, o isə mənzilin sənədlərinin qaydasında olmaması ucbatından köçə bilmir. «Uzun məsələdir ee, mən bilmirəm neyləyəcəm» - deyir bu 75 yaşlı qadın.
Beləcə, sakinlərlə söhbətləşə-söhbətləşə Salatın Əsgərova, Abdulla Şaiq, Zülfi Adıgözəlov küçələrini dolaşırıq, nəhayət, Süleyman Rəhimov küçəsi ilə aşağı düşürük. Zərgərpalan küçəsində də söküntü aparılır. Onu da qeyd edək ki, sökülən evlərdən yığılan materiallar, daş, taxta, qapı-pəncərə, dəmir çərçivələr elə məhəllələrdəcə satışa çıxarılıb. Kimə lazımdırsa, buradan ucuz qiymətə material alıb bağ evində və s.-də istifadə üçün apara bilər. Sökülən evlərdə eşələnən insanlar da gözümüzdən yayınmadı.
«Sovetski» adlanan mif artıq tarixə qovuşmaq üzrədir. Vaxt gələcək ki, sovet dövrünün sonuncu yadigarı sayılan “Sovetski” tarixin arxivinə qovuşacaq və yalnız bu ərazidə doğulub böyümüş və yaşamış insanların xatirələrində əbədilik qalacaq.
Sevda Elay