İgid odur, atdan düşə atlana...

İgid odur, atdan düşə atlana... backend

Və ya 40 yaşını məhbəsdə keçirən Baş Qazinin doğum gününə sözardı

Bu gün Baş Qazimizin – “Qarabağ qazilər” birliyinin sədri Etimad Əsədovun doğum günüdür. Etimad Əsədov Azərbaycanda yetərincə tanınan ictimai xadim, mübariz bir insandır! Baxmayaraq ki, Rusiyada yaşayırdı, orada yaxşı işi-gücü, ev-eşiyi var idi, amma ana vətənimiz darda olanda biganə qala bilmədi. İşini-gücünü, evini-eşiyini atıb Azərbaycana qayıdaraq qəhrəman oğullarımızla çiyin-çiyinə torpaqlarımızın müdafiəsinə qalxdı. Azərbaycanın Milli Qəhrəmanı polkovnik-leytenant mərhum Şirin Mirzəyevin batalyonunda erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etdi. 1992-ci ildə ağır döyüşlərin birində ağır yaralandı. Ayağının birini itirdi. Digər ayağı ciddi yaralansa da, həkimlərin səyi nəticəsində onu saxlamaq mümkün oldu...

Onu ictimaiyyət heç vaxt tək ayaqlı - protezsiz görməyib: çalışır ki, elə görünməsin. Xarakteri belədir! İstəməz ki, onu belə görsünlər. Yox, əgər görünübsə, deməli, ayağı elə vəziyyətdə olub ki, protez geyinə bilməyib, vacib olduğundan tədbirdə iştirakın da təxirə sala bilməyib!

Xarakter demişkən, Etimad Əsədov çox emosional - çılğın, inadkar, ədalətsevər, dinə bağlı, axirətini fikirləşən bir insandır. Müqəddəs Həcc ziyarətində olub – Hacıdir. Reallıq hissindən uzaq deyil. Əksinə, ən real iş də düzəlməyənə qədər rahat olmur...

Heç vaxt müharibədən danışmır – danışılası çox hadisələrə, döyüşlərə şahidlik etsə də, danışmır. “Torpağımız işğal altında, qız gəlinlərimiz girovdur, belə olan halda mən nə danışım”,-deyib, keçər müharibə söhbətlərinin üstündən.

Çox natiq insandır. Fikrini açıq, səlis şəkildə çatdırmaq bacarığına malikdir. Kədərli, faciəli bir hadisəni və ya hər hansı bir sosial ədalətsizliyi qarşısındakına çatdıranda sanki özü də bunu yaşayır. Başqasının acısına acıya, kədərinə kədərlənə bilən insandır!

Yaralanıb hərbi hospitalda müalicə olunduğu vaxtlarda - 1992-ci ildə döyüşçü dostları ilə birlikdə Azərbaycanın ilk müharibə yönümlü təşkilatını - Qarabağ Əlillər Cəmiyyətini (QƏC) yaradıb. QƏC elə həmin ilin 8 dekabrında rəsmi qeydiyyatdan keçib. O, QƏC-in Azərbaycanın 72 rayon və şəhərdə şöbələrinin yaranmasına və fəaliyyətinə nail oldu. Bu gün bir özü, bir də qovluğu, ən uzağı xanımını, qardaşını və ya övladını yedəyinə alıb “QHT rəhbəri” olanları görəndə adam bilmir nə desin!

Dövlətlə, dövlət rəhbərləri ilə qurduğu düzgün iş nəticəsində bu gün minlərlə Qarabağ əlilinin avtomobil, mənzil almasına nail oldu! Bəli, bu bir başa Etimad Əsədovun və onun komandasının gördüyü əməli işin bəhrəsidir! Prosesin necə getdiyi bu sətirlərin müəllifinin gözü qarşısında olub!



Ömrünün ən gözəl çağlarında silaha sarılan, bu yolda sağlamlığını itirən Etimad Əsədovun Qarabağ əlillərinin hüquqlarının müdafiəsi, müharibə insanlarının problemlərinin həlli istiqamətində gördüyü işlər danılmazdır. Bu yolda ona, ailə üzvlərinə çox təzyiqlər oldu, amma o, öz yolundan çəkilmədi! Düz, doğru bildiyini etdi! Zaman gələcək bütün bunlar tədqiqatçılar tərəfindən bir-bir, cümləbəcümlə yazılacaq...

Onun rəhbərliyi ilə 2001-ci ildə QƏC-in hüquqi və mənəvi varisi kimi “Qarabağ qaziləri” birliyi yaradıldı. Apardığı mücadilədə məhbəs həyatı da keçən Etimad Əsədov həmin ruhla, inadkarlıqla mübarizəsini davam etdirdi! “Qarabağ qaziləri” birliyi 2006-cı ilin aprelində rəsmi dövlət qeydiyyatına alındı...Bu gün də “Qarabağ qaziləri” birliyi Etimad Əsədovun rəhbərliyi altında ayaqdadır! Fəaliyyət göstərir, mübarizə aparır! Uğurlar olsun!



Əziz və hörmətli, Etimad bəy!
Sizi ad gününüz münasibəti ilə səmimi qəlbdən təbrik edirik! Sizə və ailənizə dünyada ən qiymətli nemət olan can sağlığı arzulayırıq! İnsanın bu dünyada yaşadığı qısa zaman kəsiyində bütün arzularına çatması bir qədər real görünmür, amma Sizə Qarabağın azad olunmasına, görmək istədiyiniz bir cəmiyyətin qurulmasına şahidlik etməyi arzulayırıq!

Doğum gününüz mübarək olsun, Baş Qazimiz!

P.S. Məmur özbaşınalığı, biganəliyi görəndə yana-yana, qovrula-qovrula danışır...Bir dəfə belə halların birində bunları dedi: “Bütün vəzifələr gəldi gedərdi, müvəqqətidir. Bu gün biri nazirdir və ya hər hansı bir başqa vəzifə sahibidir, amma sabah onu çıxarıb bayıra atanda heç kim olur! Qazilik isə əbədidir! Qazi bu adı itirilmiş əzasıyla, qanıyla, canıyla qazanır!”

“Qarabağ qazilər birliyinin rəhbərliyi və “Qaziler.az” saytı
adından Rey Kərimoğlu