“Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” - Komitə sədri

“Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” - Komitə sədri backend

"Bizə virtual indeks balonları deyil, fundamental keyfiyyət lazımdır"

Bakıda Odlar Yurdu Universitetinin təşkilatçılığı ilə 3-cü “Ağıllı Ətraf Mühit və Yaşıl Texnologiyalar 2026” – İCSEGT 2026 Beynəlxalq Elmi Konfransı öz işinə başlayıb.

“AzPolitika” xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən alimləri, tədqiqatçıları və akademik mütəxəssisləri bir araya gətirən mötəbər tədbirdə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov geniş məruzə ilə çıxış edib.

Komitə sədri müasir dünyanın süni intellekt, rəqəmsallaşma və biotexnologiyaların rəhbərlik etdiyi ən sürətli transformasiya dövrünü yaşadığını bildirib. S.Qurbanov qeyd edib ki, bu intellektual zirvədə qarşılaşdığımız əsas sual texnologiyanın insanlığı inkişaf etdirməsi, yoxsa insanın tədricən süni bir obyektə çevrilməsi ilə bağlıdır.

Alman filosofu Armin Qrunvaldın “Texnika və cəmiyyət” fəlsəfəsinə istinad edən deputat, əsas problemin texnoloji tərəqqinin insanın etik dərketmə sürətini çox qabaqlaması olduğunu diqqətə çatdırıb.

O, texnologiyanın yaratdığı təzadları bənd-bənd analiz edərək, müsbət və mənfi tərəfləri belə qruplaşdırıb:“Bir tərəfdən, süni intellekt istehsalı qlobal səviyyədə sürətləndirir, rəqəmsal sistemlər gündəlik həyatı maksimum asanlaşdırır, tibbi texnologiyalar insanın bioloji ömrünü uzadır, qlobal kommunikasiya şəbəkələri coğrafi sərhədləri tamamilə aradan qaldırır.

Digər tərəfdən isə insan tədricən rəqəmsal nəzarətin və böyük verilənlərin (Big Data) obyektinə çevrilir, şəxsi məlumatlar kapitalizm üçün yeni “strateji resurs” kimi istifadə olunur, sosial media müstəqil düşünən cəmiyyət yox, alqoritmlərə anlıq reaksiya verən kütlə formalaşdırır. Habelə informasiya bolluğu dərindən oxuma və təfəkkür dərinliyini zəiflədir və texnologiya insanı virtual alqoritmlərdən asılı vəziyyətə salır”.

Sadiq Qurbanov vurğulayıb ki, insan davranışlarının izlənilməsi Jan Bodriyarın dediyi kimi, reallığın özünü itirdiyi bir "Simulyasiya əsri" formalaşdırır və texnoloji inkişafın istiqamətini mənəvi dəyərlər yox, böyük korporasiyalar müəyyən edir.

Komitə sədri elmin daxili idarəetmə mexanizmlərində yaranan ciddi böhrana da toxunub. Kəmiyyət və rəqəm aludəçiliyinin elmi zəhərlədiyini deyən natiq, sosioloq Ginqrasın "Bibliometrik Reduksionizm" və amansız "Hirş İndeksi Epidemiyası" terminlərini xatırladıb: "Bu epistemoloji böhranın mahiyyəti elmdə keyfiyyətin riyazi statistikaya qurban verilməsidir. Bu gün bir alim planetin taleyini dəyişdirəcək, elmdə paradiqma yaradacaq 3 fundamental məqalə yazsa və hər birinə 60 sanballı istinad alsa, onun H-indeksi cəmi 3 olur. Digər tərəfdən, heç bir elmi yeniliyi olmayan, ortabab, korporativ şəkildə bir-birinə istinad edən 10 məqalə ərsəyə gətirən və hər birinə cəmi 11 sitat toplayan bir şəxsin H-indeksi 10 olur. Mövcud bürokratik sistem ikinci tədqiqatçını “3 dəfə daha uğurlu” hesab edir, irəli çəkir və maliyyələşdirir.

Elm idarəçilərinin sığındığı “Hər hansı bir rəqəm, heç bir rəqəmin olmamasından yaxşıdır” düşüncəsi elmi yaradıcılığın mənəviyyatını və ali məqsədini sıradan çıxarır. Bu epidemiya bizim bu gün müzakirə etdiyimiz “Yaşıl Elm” ekosisteminə də sirayət edir: alimlər dünyanı real olaraq xilas edəcək tətbiqi ekoloji innovasiyalar tapmaq əvəzinə, rəqəmsal bazalarda reytinq xalları toplamaq yarışına daxil olurlar. Bizə virtual indeks balonları deyil, biosferin real xilası üçün fundamental keyfiyyət lazımdır".

Bu təhlükənin cəmiyyətin hər bir qatında – avtomatlaşdırma nəticəsində peşələrin itirilməsində, süni intellektin yaradıcı sahələrə daxil olmasında, milli informasiya təhlükəsizliyinə təsirlərdə və kiberməkandakı geosiyasi qarşıdurmalarda özünü göstərdiyini deyən S.Qurbanov, Nobel mükafatçısı Xose Saramaqonun sözlərinə istinad edərək gələcəyin ən böyük böhranının insanın öz mənəvi kimliyini qorumaq olacağını bildirib.

Natiq vurğulayıb ki, əsas məsələ texnologiyaya kor-koranə qarşı çıxmaq deyil, onu mütləq məqsəd yox, insana xidmət edən bir alətə çevirməkdir. Məhz buna görə həm elmi idarəetmədə, həm də dövlətçilik arxitekturasında əsas çağırış “insanı və onun mənəviyyatını qoruyan texnologiya modeli” yaratmaqdır.

Sadiq Qurbanovun fikrincə, bu model aşağıdakı prinsiplərə əsaslanmalıdır:

-Etik məsuliyyətə;

-Türk-İslam təfəkküründə ilahi bir nizam kimi qəbul edilən mütləq sosial ədalətə;

-Milli kimliyə və təhlükəsizliyə;

-Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsində vurğuladığı kimi, milli-mənəvi dəyərlərin və tarixi yaddaşın qorunması prinsipinə;

-Ekoloji davamlılığa.

Məruzəsinin sonunda komitə sədri bəşəriyyətin qarşısında duran fundamental seçimin texnologiyanın insana və onun ali mənəviyyatına, yoxsa amansız rəqəmsal nəzarət mexanizminə xidmət edəcəyi ilə bağlı olduğunu bəyan edib. S.Qurbanov konfransın bu qlobal problemlərin həllinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirərək, tədbirin işinə elmi uğurlar arzulayıb.

“AzPolitika.info”