FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib backend

Fövqəladə Hallar Nazirliyi hazırda bəzi bölgələrdə müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

 

Qaziler.az-ın məlumatına görə, nazirlik bildirib ki, hazırda ayrı-ayrı rayonlarda yağıntılı və qeyri-sabit hava şəraiti müşahidə olunur, bəzi dağ çaylarından sel keçir. Həmçinin, yaxın günlərdə də yağışlı və küləkli hava şəraitinin davam edəcəyi proqnozlaşdırılır.

 

FHN vətəndaşlara sel və daşqın təhlükəsi olan ərazilərdən uzaq durmağı, belə hallarla üzləşdikdə isə dərhal yaxınlıqdakı yüksək əraziyə qalxmağı tövsiyə edib.

 

Nazirlik ildırım təhlükəsi ilə bağlı da xəbərdarlıq edib. Bildirilib ki, ildırım zamanı elektrik cihazları şəbəkədən ayrılmalı, telefonla danışılmamalı, açıq ərazidə elektrik xətləri, antenalar və hündür ağacların yaxınlığında dayanılmamalıdır. Avtomobildə olan şəxslərə isə hərəkəti dayandırıb şüşələri qaldıraraq təhlükənin keçməsini gözləmək tövsiyə olunub.

 

Eyni zamanda, güclü külək zamanı yüngül konstruksiyalı tikililərdən, reklam lövhələrindən, elektrik dirəkləri və naqillərindən uzaq durmaq məsləhət görülüb.

 

FHN həmçinin qeyd edib ki, küləkli hava yanğınların söndürülməsini çətinləşdirdiyindən yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmalıdır. Kiçikhəcmli gəmi istifadəçilərinə isə belə hava şəraitində dənizə çıxmağın qadağan olduğu xatırladılıb.

 

Nazirlik vətəndaşları təhlükə zamanı 112 qaynar xəttinə müraciət etməyə çağırıb.