Hazırda şəhərlər insanların sinir sistemini yükləyir.
Qaziler.az “report.az”a xəbər verir ki, bunu memar, Şəhər mühiti üzrə tədqiqatçı və planlaşdırıcı, "Cazibə Memarlığı" metodologiyasının müəllifi Nani Jqenti Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Neyro-urbanizm: Şəhərlər beyni, davranışı və psixi rifahı necə formalaşdırır?" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, insanın sinir sistemi heç vaxt bu qədər sürətli həyat tempinə və bu həcmdə informasiya axınına uyğunlaşmaq üçün formalaşmayıb: "Bu gün hadisələr və proseslər o qədər sürətlə baş verir ki, beynimiz bütün bu məlumatları emal etməyə belə vaxt tapmır. Nəticədə insanlar həddindən artıq yüklənir və düşünürəm ki, ətraf mühitin demək olar hər elementi müəyyən psixoloji aqressiya yaradır.
Urbanistlər olaraq biz daha çox əsas problemlərə diqqət yetiririk: vizual çirklənmə, keyfiyyətsiz və ya əlçatan olmayan səkilər, inklüzivliyin çatışmazlığı və xüsusilə yaşıllıq sahələrinin azlığı. Halbuki hamımız bilirik ki, yaşıllıq insanın sinir sistemi üçün bərpaedici təsirə malikdir. Buraya həmçinin uğursuz işıqlandırma və fraqmentləşmiş memarlıq da daxildir.
Maraqlıdır ki, biz ənənəvi olaraq bu məsələlərə yalnız dizayn və funksionallıq problemi kimi yanaşırıq. Halbuki urbanistlər olaraq nadir hallarda düşünürük ki, bütün bunlar insanların sinir sisteminə və psixoloji vəziyyətinə necə təsir göstərir. Mənim yanaşmam isə ondan ibarətdir ki, biz təkcə fiziki mühiti layihələndirməməliyik, biz təcrübələri və ssenariləri də layihələndirməliyik. Bir növ şəhərin rejissorlarına çevrilməliyik. İnsanların bir nöqtədən digərinə necə gedəcəklərini və bunun nə qədər vaxt aparacağını deyil, bu proses zamanı özlərini necə hiss edəcəklərini də düşünməliyik. Əsas məsələ onların şüuraltının nə dərəcədə yüklənməsi və ya rahatlanmasıdır".



