Azərbaycanın Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi etməsi ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzunun və qlobal təşəbbüslərdə fəal iştirakının bariz nümunəsidir.
Qaziler.az bildirir ki, bu sözləri redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, bu mötəbər tədbirin Bakıda keçirilməsi Azərbaycanın qlobal səviyyədə etibarlı tərəfdaş və təşəbbüskar dövlət kimi qəbul olunduğunu bir daha təsdiqləyir.
A.Həsənova vurğulayıb ki, WUF13 qlobal miqyasda strateji əhəmiyyət daşıyan platformadır və dünya gündəliyində yer alan əsas məsələlərin müzakirəsi baxımından mühüm rol oynayır. Onun sözlərinə görə, forum şəhərsalma, dayanıqlı inkişaf, urbanizasiya, iqlim dəyişiklikləri və sosial inklüzivlik kimi aktual mövzuların müzakirəsi üçün geniş imkanlar yaradır və qəbul olunan qərarlar beynəlxalq siyasətin formalaşmasına real təsir göstərə bilər:
“Dünyanın müxtəlif regionlarından siyasi liderləri, hökumət nümayəndələrini, nüfuzlu ekspertləri və akademik dairələri bir araya gətirən bu tədbir yeni ideyaların, innovativ yanaşmaların və ortaq təşəbbüslərin formalaşmasına zəmin yaradır. Forum yalnız fikir mübadiləsi məkanı deyil, eyni zamanda konkret əməkdaşlıq mexanizmlərinin qurulduğu mühüm dialoq platformasıdır.
WUF13-də 182 ölkədən 42 mindən artıq qonaq iştirak edir. İştirakçılar arasında çoxsaylı dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış alim və ekspertlər yer alır. Bu faktın özü forumun miqyasını və qlobal xarakterini açıq şəkildə nümayiş etdirir. Belə geniş təmsilçilik, burada irəli sürülən təklif və tövsiyələrin gələcək beynəlxalq qərarların qəbuluna təsir imkanlarını daha da artırır”.
Onun sözlərinə görə, WUF13 beynəlxalq dialoq və əməkdaşlığın dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir: “Forum qlobal problemlərin – sürətli urbanizasiya, sosial bərabərsizlik, ekoloji çağırışlar və şəhər infrastrukturunun modernləşdirilməsi kimi məsələlərin – kompleks şəkildə müzakirəsinə şərait yaradır. Bu isə müxtəlif ölkələrin təcrübə mübadiləsini genişləndirir və birgə fəaliyyət imkanlarını gücləndirir”.
A.Həsənova əlavə edib ki, belə mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq arenada mövqelərini daha da möhkəmləndirir və strateji əhəmiyyətini artırır. Onun fikrincə, bu cür tədbirlər Azərbaycanın regional və qlobal proseslərdə fəal iştirakının göstəricisidir və beynəlxalq ictimaiyyətin ölkəmizə olan yüksək etimadının təzahürüdür.
Deputat həmçinin bildirib ki, forum sülh, qarşılıqlı hörmət və multikultural dəyərlərin təşviqi baxımından da xüsusi əhəmiyyət daşıyır: “Müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələrinin eyni platformada bir araya gəlməsi qlobal həmrəyliyin möhkəmlənməsinə, dinc yanaşı yaşama prinsiplərinin təşviqinə və ortaq gələcək naminə birgə fəaliyyətə xidmət edir.
Beləliklə, WUF13-ün Bakıda keçirilməsi yalnız şəhərsalma sahəsində beynəlxalq müzakirələrin təşkili deyil, eyni zamanda Azərbaycanın qlobal gündəlikdə fəal rol oynayan, dialoq və əməkdaşlığa töhfə verən dövlət kimi mövqeyinin daha da güclənməsidir”.



