“İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimi keçirilib - FOTO

“İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimi keçirilib - FOTO backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi tərəfindən həyata keçirilən “İmkanlar hər kəs üçün” sosial layihəsinin bağlanış mərasimi keçirilib. Layihə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) öncəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) birgə təşəbbüsü olan Azərbaycan Şəhərsalma Kampaniyası (#AUC2026) çərçivəsində təşkil olunub.  

Qaziler.az Nazirliyin məlumatına istinadla xəbər verir ki, tədbirdə layihənin tərəfdaşları olan dövlət və özəl müəssisələrin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, proqrama cəlb edilmiş əlilliyi olan gənclər iştirak ediblər. Onlar əvvəlcə Mərkəzin təlimçi və benefisiarlarının əl işlərindən ibarət sərgi ilə tanış olublar. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Mərasimdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçiriləcək 13-cü Sessiyası ərəfəsində reallaşan “İmkanlar – Hər kəs üçün” layihəsinin hər kəs üçün bərabər imkanların təşviqi və əlçatan şəhər mühitinin formalaşdırılmasında xüsusi önəmini vurğulayıb. O, Prezident cənab İlham Əliyevin uğurlu sosial siyasətinin mühüm istiqamətlərindən birinin də əlilliyi olan şəxslərin sosial müdafiəsi və cəmiyyətə inteqrasiya imkanlarının artırılması, onlar üçün inklüziv mühitin təmin edilməsi olduğunu bildirib. Ölkəmizin hələ 2008-ci ildə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına qoşulduğunu, Konvensiyada nəzərdə tutulmuş hüquq və azadlıqların 2018-ci ildə qəbul edilmiş “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunda əksini tapdığını qeyd edib.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin inklüziv cəmiyyətin inkişafında mühüm rolu diqqətə çatdırılıb. Mərkəzdə və onun İsmayıllı, Qarabağ “DOST Evi” filiallarında həssas qrupların bacarıqlarının inkişafı üçün aparılan işlərdən bəhs olunub. Əlilliyi olan şəxslərə yönələn sosial ödənişlərdə son illər edilmiş ciddi artımlar, onların məşğulluğunun təminatı, reabilitasiyası tədbirləri, “İmkanlar – Hər kəs üçün” layihəsinin əlilliyi olan gənclərin bacarıqlarının inkişafına dəstək olduğu qeyd edilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov Ümumdünya Şəhərsalma Forumunun (WUF13) proqramı və gündəliyindəki yeniliklərdən bəhs edib. O, yüksək səviyyəli dövlət rəsmilərinin, şəhərsalma liderlərinin iştirak edəcəyi bu forumda BMT və Azərbaycan hökuməti tərəfindən təşkil olunacaq xüsusi sessiya və dəyirmi masaların “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər” hədəfinə xidmət  edəcəyini deyib. “İmkanlar hər kəs üçün” layihəsinin də forumun prioritetlərinə uyğun olaraq şəhərsalmada inklüzivliyin təşviqini gücləndirdiyini qeyd edib.

BMT-nin Məskunlaşma Proqramının ölkə üzrə rəhbəri Anna Soave layihənin inklüziv şəhərlərin və dayanıqlı icmaların formalaşması baxımından önəmini vurğulayıb. Bildirib ki, həssas qruplardan olan şəxslərin əmək bazarında, qərarvermə proseslərində və şəhər həyatında tam iştirakçılığı yalnız sosial məsələ deyil, eyni zamanda dayanıqlı urban inkişafın əsas şərtlərindən biridir. Layihə bu yanaşmanı praktik müstəviyə daşıyır və Ümumdünya Şəhərsalma Forumunun (WUF13) əsas mesajları ilə üst-üstə düşür.

“Hamı üçün şəhərlər” prinsipinin imkanlara çıxış, məşğulluq və sosial iştirakçılıq üzərindən qurulduğunu vurğulayan Anna Soave uğurlu əməkdaşlığa görə tərəfdaş qurumlara təşəkkür edib. Daha sonra BMT-nin Məskunlaşma Proqramının təbliğat və layihələr üzrə baş məsləhətçisi Məleykə Tağızadə və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin layihələr üzrə koordinatoru Tamerlan Turabov layihənin nəticələrinə dair təqdimatla çıxış ediblər. Bildirilib ki, 2 ay müddətində icra olunan layihəyə Mərkəzin əlilliyi olan 25 benefisiarı cəlb edilib. Onlar üçün layihə çərçivəsində 11 tərəfdaş qurumda təcrübə təşkil olunub. Proqram iştirakçıların kommunikasiya, adaptasiya, komanda işi, peşəkar davranış bacarıqlarının inkişafına töhfə verib. Layihə nəticəsində bir sıra iştirakçılar daimi məşğulluq imkanları əldə edib, tərəfdaş qurumlarda isə inklüziv iş mühitinin qurulması istiqamətində yeni yanaşmalar təşviq olunub.

Proqram iştirakçılarının təcrübə müddətindəki fəaliyyətini və tərəfdaş qurumların nümayəndələrinin layihə ilə bağlı fikirlərini əks etdirən videoçarx nümayiş etdirilib. Layihə iştirakçları Mətin Hacıyev və Fatimə Muradova təcrübə proqramı barədə təəssüratlarını bölüşüblər. Layihədə tərəfdaş olan qurumlara təşəkkürnamələr verilib. Mərkəzin İnklüziv ansamblının müşayiəti ilə təlimçi və benefisiarların ifasında konsert proqramı nümayiş olunub.