Təlim çərçivəsində iştirakçılara etibarlı məlumat mənbələrinin seçilməsi, informasiyanın yoxlanılması və rəqəmsal platformalarda yayılan xəbərlərin təhlili ilə bağlı praktiki biliklər təqdim olunub. Gənc jurnalistlərə açıq mənbələrdən düzgün istifadə üsulları, məlumatın ilkin və ikinci dərəcəli mənbələr üzrə müqayisəsi, həmçinin manipulyativ informasiyanın müəyyənləşdirilməsi yolları izah edilib. Tədbirin əsas məqsədi iştirakçıların media savadlılığını artırmaq və onların məlumatla işləyərkən daha peşəkar yanaşma bacarıqlarını inkişaf etdirmək olub.
Qaziler.az xəbər verir ki, təlim zamanı layihənin məqsədi və əhəmiyyəti barədə də ətraflı məlumat verilib. Layihə rəhbəri Bəsti Nəsibova bildirib ki, “İnnovativ Media” Jurnalistlərin Peşəkarlığının Artırılmasına Dəstək İctimai Birliyinin həyata keçirdiyi təşəbbüs Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunur. Onun sözlərinə görə, layihə çərçivəsində gənclərin informasiya təhlükəsizliyi, media savadlılığı və fakt yoxlama bacarıqlarının gücləndirilməsi istiqamətində silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin kafedra müdiri Aynur Nəsirova müasir dövrdə informasiya bolluğunun jurnalistlər qarşısında yeni məsuliyyətlər yaratdığını vurğulayıb:
“Media nümayəndələri yalnız xəbəri operativ çatdırmaqla kifayətlənməməli, eyni zamanda onun etibarlılığını da dəqiq araşdırmalıdırlar. İnformasiyanın sürətlə yayıldığı bir dövrdə jurnalistin əsas vəzifəsi doğru mənbəni müəyyən etmək və cəmiyyətə yoxlanılan məlumat təqdim etməkdir. Peşəkar yanaşma həm ictimai etimadın qorunmasına, həm də dezinformasiyanın qarşısının alınmasına xidmət edir”.

Təlim zamanı iştirakçılara beynəlxalq fakt yoxlama platformalarının fəaliyyəti, rəqəmsal alətlər vasitəsilə məlumatların təsdiqlənməsi üsulları və media materiallarının analiz prinsipləri barədə də məlumat verilib. Praktiki hissədə iştirakçılar müxtəlif xəbərlər üzərində işləyərək məlumatın etibarlılıq səviyyəsini müəyyənləşdirməyə çalışıblar.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və informasiya ilə işləyərkən peşəkar etik prinsiplərin qorunmasının vacibliyi diqqətə çatdırılıb.




