Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu Ağdam rayonunun Abdal kəndinə köçürülüb. O, Quzanlı kəndindəki qəbirstanlıqda dəfn olunmuşdu.
Qaziler.az xəbər verir ki, bu barədə onun oğlu Şamil sosial şəbəkə hesabında paylaşım edib.
Qazi Rey Kərimoğlu bununla bağlı Qaziler.az-a danışıb.
"Bir istiqamətdə, Ağdamın müdafiəsində bir yerdə iştirak etmişik. Müşfiqin, qardaşı Musanın Birinci Qarabağ müharibəsində çox böyük xidmətləri olub. Qardaşı Musa ilə kiçik qruplarla böyük, vacib əməliyyatlar həyata keçiriblər. Qəhrəman, ürəyi yurd, Qarabağ üçün döyünən oğlan idi. Şəxsi tanışlığımız, dostluğumuz var idi. . İşğalla barışa bilməyən insanlardan idi. "Müharibə olsun, torpaqlarımızı azad edək" deyənlərdən idi. Tez-tez zəng edirdi ki, qaqa, müharibə nə vaxt başlayır. "Qarabağı müharibəsiz ala bilmərik, müharibəsiz alınan iş deyil, qaqa, hazırlaşmaq lazıdır", - deyirdi. Özü də hazırlaşırdı. Deyirdi gecə-gündüz məşq edirəm, dağlardayam. Oğlanlarını da döyüşçü kimi böyütmüşdü. Heyf ondan. Şükür ki, məzarı doğulduğu Abdal kəndinə aparıldı. İnşallah, mütləq gedib məzarını ziyarət edəcəm", - Rey Kərimoğlu qeyd etdi.
Xatırladaq ki, Müşfiq Abbasov 44 günlük Vətən müharibəsində iki oğlu – Şamil və İntiqamla birlikdə könüllü olaraq döyüşlərə qatılıb. O, Ağdam istiqamətində bir çox hərbi əməliyyatlarda iştirak edərək müvəffəqiyyətlər qazanıb və 6 oktyabr 2020-ci ildə rayonun Qərvənd kəndi istiqamətində gedən ağır döyüşlərdə şəhid olub.
M. Abbasov ölümündən sonra “Vətən uğrunda” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilib.
Qazi Rey Kərimoğlu silahdaşı Müşfiq Abbasovun Quzanlıdakı məzarı başında

Rey Kərimoğlu Müşfiq Abbasovun anası ilə
Ağdamın Abdal kəndinin girəcəyində Müşfiq Abbasovun şəkli olan lövhə

Müşfiq Abbasovun məzarı Quzanlıdan Abdala köçürüldü
QAZİLER.AZ



