Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən ötən ilin noyabr ayından ölkədə ilk dəfə təşkil olunan əməyin mühafizəsi üzrə tədris kurslarına indiyədək müxtəlif müəssisələr üzrə 221 nəfər mütəxəssis cəlb edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Lent.az-a verilən məlumata görə, ƏƏSMN-nin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzində keçirilən məşğələlər zamanı əməyin təhlükəsizliyi sahəsində fəaliyyət göstərən mütəxəssislərə əməyin mühafizəsi və texniki təhlükəsizliklə bağlı normativ-hüquqi aktlar, eləcə də istehsalatda baş vermiş bədbəxt hadisələrin, peşə xəstəliklərinin profilaktikası barədə ətraflı məlumatlar verilib, onların bu sahədə bilik və bacarıqları artırılıb. Onlar həmçinin əmək qanunvericiliyinə dair əyani və metodiki vəsaitlərlə təmin olunublar. Kursları bitirən şəxslərə onlarla aparılmış müsahibənin nəticələrinə uyğun olaraq müvafiq sertifikatlar verilib.DƏMX tərəfindən dövlət nəzarəti tədbirlərinin gücləndirilməsi ilə yanaşı, müvafiq sahədə çalışan mütəxəssislərin məlumatlılıq və peşəkarlıq səviyyəsinin artırılmasına yönələn bu tədbirlər artıq müsbət nəticələrini verir. Belə ki, cari ilin yanvar ayında ayrı-ayrı müəssisələrdə əmək qanunvericiliyinin pozulması ilə bağlı aşkar edilən hüquq pozuntularının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 faizədək azalaraq 492 fakt təşkil edib. Habelə bu müddətdə qeydə alınan istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 28,5 faiz azalaraq 15-ə, bu hadisələr nəticəsində xəsarət alanların sayı isə 50 faiz azalaraq 10 nəfərə enib. Ötən ilin yanvar ayında istehsalatla əlaqəli qrup halında 4 bədbəxt hadisə baş verdiyi halda, bu ilin yanvar ayında belə hadisə qeydə alınmayıb.
Xatırladaq ki, Əmək Məcəlləsinin 219-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq müəssisə, idarə və təşkilatların rəhbər işçiləri 3 ildə bir dəfədən az olmayaraq əməyin mühafizəsi üzrə vaxtaşırı, ixtisasartırma kurslarında təlim keçməli və bu sahədə onların bilikləri yoxlanılmalıdır.