Qarabağ Universitetində əqli mülkiyyət hüququ ilə bağlı təlim keçirilib

Qarabağ Universitetində əqli mülkiyyət hüququ ilə bağlı təlim keçirilib backend

Ümumdünya Əqli Mülkiyyət Təşkiatının (ƏMT) 2000-ci ildə qəbul olunmuş qərarı ilə 26 aprel “Ümum­dünya Əqli Mülkiyyət günü” kimi elan edilmişdir. Dünyanın əksər dövlətlərində, o cümlədən də Respublikamızda bu gün geniş qeyd olunur.

Qaziler.az xəbər verir ki, bu günün ƏMT tərəfindən qeyd ounmasının məqsədi insan təfəkkürünün məhsulu olan əqli mül­kiy­­yətin mədəni, sosial, iqtisadi, texnoloji və s. sahələrdə önə çıxarılması, müəllif hüquqlarının qorun­ması, müəlliflərin rifahının yaxşılaşdırılması, elmi, tədris və ədəbi əsərlərin mətnlərində plagiat hallarının qarşısının alınmasını, əqli mülkiyyətin kreativ iqtisadiyyata tətbiqini, mədəni və yaradıcı sənayelərin inkişafını təmin etməkdir.

Sevindirici haldır ki, builki əqli mülkiyyət günü Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin keçirdiyi Qeyri-Hökumət Təşkilatları üçün Mədəni və Yaradıcı Sənayelər üzrə xüsusi qrant müsabiqə­sinin qalibi olmuş “Hüquqi Tədqiqatlar Mərkəzi” ictimai birliyi tərəfindən “Əqli mülkiyyət hüququ sahiblərinin məlumatlandırılması” layihəsi çərçivəsində aprelin 24-də Xankəndidə – Qarabağ Universitetində keçirilən “Əqli mülkiyyət hüququ nədir və onu necə qorumalı?” mövzusunda təlimdə qeyd edildi.

Ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi anıldıqdan sonra tədbiri giriş sözü ilə açan Qarabağ Universitetinin Elm şöbəsinin müdiri Elçin İbrahimov dünyada, ölkəmizdə və Qarabağ Universitetində əqli mülkiyyət və müəllif hüquqlarının qorunmasına verilən diqqətdən danışdı, universitetdə aparılan elmi-tədqiqat işləri barədə geniş məlumat verdi, təlim mövzusunun aktuallığını və əhəmiyyətini xüsusi qeyd etdi.

Təlimdə giriş sözü ilə çıxış edən “Hüquqi Tədqiqatlar Mərkəzi” İB-nin rəhbəri, Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dosenti Bəxşeyiş Əsgərov tədbirin məhz aprelin 24-də, özü də Xankəndidə keçirilməsinin rəmzi xarakter daşıdığını qeyd etdi, azad Qarabağda, ölkəmizin ən gənc ali təhsil müəssisəsi olan Qarabağ Universitetində keçirilməsinə xüsusi dəyər vermiş, Ali Baş Komandan, Cənab Prezident  İlham Əliyev başda olmaqla bu günü bizə bəxş edən hər kəsə dərin minnətdarlığını bildirərək, Qarabağ uğrunda döyüşlərdə qəhrəmanlıq zirvəsinə yüksəlmiş şəhidlərimizin xatirəsini bir daha yad etdi. O, rəhbərlik etdiyi təşkilatın fəaliyyəti, ölkəmizdə hüquqi biliklərin təbliği, hüquq düşüncəsi və hüquq mədəniyyətinin yüksəldilməsi istiqamətində gördükləri işlər, ölkənin elmi, mədəni və iqtisadi həyatında əqli mülkiyyətin rolu, müasir dövrdə dünyada əqli mülkiyyət hüququnun qorunması prosesi, ölkəmizin əqli mülkiyyət hüququ sahəsində apardığı məqsədyönlü siyasət, eləcə də bu sahədə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin vətəndaş cəmiyyəti təşkilatları ilə apardıqları birgə uğurlu fəaliyyətləri barədə geniş məlumat verdi.

44 günlük müharibə nəticəsində qazanılmış Şanlı Qələbədən sonra  ekoloji aksiyalar zamanı Şuşa şəhərində olduğunu qeyd edən  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi  Heydər Mirzəyev işğaldan tam azad olunmuş Qarabağda - Xankəndidə  ilk dəfə olmağından keçirdiyi hissləri dilə gətirərək “Hüquqi Tədqiqatlar Mərkəzi” İB-nin həyata keçirdiyi layihə çərçivəsində təlimin Qarabağ Universitetində keçirilməsinin sevinc və qürur hissi doğurduğunu söylədi, rektor Şahin Bayramova və Universitetin kollektivinə təşəkkür etdi. O, bildirdi ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Qeyri-Hökumət Təşkilatları üçün keçirilən "Mədəni və yaradıcı sənayelər üzrə xüsusi qrant müsabiqəsi" ölkədə mədəniyyət ekosisteminin müasirləşdirilməsi və vətəndaş cəmiyyətinin bu prosesdə aktiv iştirakını təmin etmək məqsədi daşıyır. O, “Hüquqi Tədqiqatlar Mərkəzi” İB-nin  həyata keçirdiyi layihənin cəmiyyətimizin mühüm problemlərindən birinə həsr olunduğunu və 2024-cü ildə uğurla həyata keçirilmiş layihənin davamı olduğunu qeyd etdi.

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin şöbə müdiri Vüsal Quliyev Agentliyin fəaliyyəti barədə söz açaraq, əqli mülkiyyət hüququnun qorunması sahəsində qəbul olunan normativ-hüquqi aktlardan, görülən tədbirlərdən, müəlliflərlə aparılan metodiki işlərdən danışdı, əqli mülkiyyət sahiblərinin məlumatlandırılması sahəsində, eləcə də Agentliyin fəaliyyətinin populyarlaşdırılması istiqamətində gördüyü işlərə görə “Hüquqi Tədqiqatlar Mərkəzi” İB-nə təşəkkür etdi.

Layihənin eksperti, tanınmış hüquqşünas, “Müstəqil Hüquq Mərkəzi” İB-nin sədri Aydın Kərimov gənc alimlərin, yaradıcı ziyalıların, Universitetin akademik heyətinin fəal iştirak etdiyi təlimdə interaktiv şəkildə əqli mülkiyyətin mahiyyəti, müasir dünyada yeri, informasiya texnologiyaları və əqli mülkiyyətin qarşılıqlı əlaqəsi, yaradıcı və mədəni sənayelərin inkişafı, ali təhsil müəssisələrində əqli mülkiyyət sahəsində aparılan siyasət, müəllif hüquqlarının qorunma mexanizmi, müəllif hüquqları və əlaqəli hüquqların qorunmasında müəlliflərin rolu, elmi tədqiqatlarda plagiatın qarşısının alınması, əqli mülkiyyət məhsullarının əmtəələşdirilməsi, kreativ iqtisadiyyata tətbiqi və s. məsələləri canlı ünsiyyət və fikir mübadiləsi şəraitində təqdim etdi. Təlim zamanı Universitetin Humanitar və sosial elmlər fakültəsinin dekanı Elmar Mustafayev,  Azıx mağarası laboratoriyasının müdiri Əjdər Babazadə, hüquqşünaslıq ixtisası üzrə müəllimlər Ləman Həsənzadə və Nuranə Məmmədova, Elm şöbəsinin mütəxəssisi Rəsmiyyə Məmmədova, kimya müəllimi Səxavət Dadaşov və başqaları faydalı təkliflərini bildirdilər, geniş fikir mübadiləsi aparıldı.

İştirakçılar tərəfindən əqli mülkiyyət sahəsində maarifləndirici təlimlərin davamlı şəkildə keçirilməsinin zəruriliyi, elmi, hüquqi, iqtisadi terminlərin mütəmadi istifadəsinin bu sahədə təfəkkür tərzinin formalaşmasına, müəlliflərin fəallığının artmasına, yaradıcı insanlarla dövlət orqanları arasında əməkdaşlığın artmasına kömək etdiyi qeyd edildi. Həmçinin müəllif hüquqlarının müdafiəsi prosesinə hüquqşünasların cəlb edilməsinin vacibliyi söylənildi.

Qeyd edilməlidir ki, həm müvafiq struktur bölmələri ilə tanışlıq, həmçinin təlimin nəticələri göstərdi ki, yaranmasından qısa bir müddət keçməsinə baxmayaraq həm təhsil, həm də elm sahəsində uğurlu addımlar atan Qarabağ Universitetinin fəaliyyətində əqli mülkiyyət hüququnun təmin edilməsi, müəllif hüquqlarının qorunması, müəllim və  tələbələrin elmi və yaradıcılıq potensialının artırılması prioritet təşkil edir. Bu istiqamət əqli mülkiyyət münasibətlərinin tənzimlənməsi üzrə zəngin yerli və beynəlxalq təcrübəyə malik olan universitetin rektoru Şahin Bayramovun daim diqqət mərkəzindədir.

Layihə çərçivəsində interaktiv və kazuslar üzrə keçirilən təlimdə Qarabağ Universitetinin alimləri və yaradıcı əməkdaşları fəal iştirak etdilər. BDU-nun hüquq fakultəsinin dosenti B. Əsgərovun və MHM İB-nin sədri, hüquqşünas A. Kərimovun apardığı, Əqli Mülkiyyət Agentliyini şöbə müdiri V.Quliyevin fəal iştirak etdiyi təlimdə əqli mülkiyyət hüququnun mahiyyəti, əqli mülkiyyət sahiblərinin elmi, mədəni, texniki, bədii, iqtisadi sahələrdə rolu,  əqli mülkiyyət məhsullarının əmtəəələşdirilməsi, kreativ iqtisadiyyat, müəllif hüquqlarının müdafiə mexanizmləri və s. barədə elmi, hüquqi və praktik məlumatlar verildi. İştirakçıların sualları cavablandırıldı, qaldırdıqları məsələlər müzakirə olundu.

Təlimin gedişində Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri, professor Kamran İmanovun rəhbərliyi və müəllifliyi ilə dərc olunmuş əqli mülkiyyət hüququnun müxtəlif sahələrinə dair çoxsaylı kitablar və vəsaitlər Qarabağ Universitetinin kitabxanasına hədiyyə edildi. Eləcə də “Hüquqi Tədqiqatlar Mərkəzi” İB-nin Agentliyin metodiki dəstəyi ilə layihənin mövzusu üzrə hazırladığı qanunvericilik aktlarından ibarət toplu tədbir iştirakçılarına paylandı. 

“Hüquqi Tədqiqatlar Mərkəzi” İB-nin rəhbəri B.Əsgərov təlimin yüksək səviyyədə təşkilinə, təlimdə fəal iştiraka görə Qarabağ Universitetinin rektoru Şahin Bayramova və professor-müəllim heyətinə təşəkkür etdi.