Mayın 1-də Xankəndi şəhərində “Karabakh Training Center”in təşkilatçılığı ilə İntellektual gənclər festivalı keçirilib.
Festivalda ölkənin 33 bölgəsindən gələn gənclər, Qarabağ Universitetinin, eləcə də respublikanın digər dövlət, özəl ali təhsil müəssisələrinin tələbə-müəllim heyəti, Xankəndi və Şuşa şəhərlərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin müəllimləri və məzunları qatılıb.
Festivalın akademik tərəfdaşı qismində isə Azərbaycan Texniki Universiteti çıxış edib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən xəbərə görə, ümumilikdə 300-dən çox iştirakçının qatıldığı festival çərçivəsində gənclərin bilik və bacarıqlarının stimullaşdırılması məqsədilə bu dəstək tədbirləri həyata keçirilib.
Münsiflər tərəfindən seçilmiş startap layihəsinə qrant ayrılıb;
Müəllim və tələbə heyətinə beynəlxalq sertifikatlı 2 aylıq təlim proqramlarında ödənişsiz iştirak hüququ verilib;
Fərqlənən 1 gənc “Rabitəbank” ASC-nin Xankəndi filialında təcrübə proqramına cəlb edilmək imkanı qazanıb.
Tədbirin rəsmi hissəsi yekunlaşdıqdan sonra gənclər üçün ölkənin tanınmış sənət adamlarının iştirakı ilə konsert proqramı təşkil edilib. Qeyd edək ki, festivalın əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə gənclərin intellektual inkişafını dəstəkləmək, onların innovativ təşəbbüslərini stimullaşdırmaq və regionun akademik potensialını gücləndirməkdir. Xatırladaq ki, tədbirə Gənclər və İdman Nazirliyinin nəzdində Gənclər Evi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Rabitəbank” ASC rəsmi tərəfdaşlıq edib.



