Mayın 3-də bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

Mayın 3-də bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq backend

“Bakı Marafonu 2026” ilə əlaqədar 3 may tarixində səhər saat 09:00-dan mərasim qurtaranadək yürüşlə əlaqədar bəzi küçə və prospektlərdə iştirakçıların təhlükəsizliyinin təmin olunması məqsədilə yollarda hərəkət tam məhdudlaşdırılacaq.

 

Qaziler.az xəbər verir ki, bu barədə Bakı Şəhər DYP İdarəsinin "Bakı Marafonu-2026" ilə əlaqədar hərəkət iştirakçılarına müraciətində qeyd olunub.

 

Bildirilib ki, ümumilikdə 42 km-lik məsafəni əhatə edəcək marafon Bayraq Meydanından başlayaraq Dənizkənarı Bulvarın inzibati ərazisi ilə Dəniz Vağzalı, Neftçilər prospekti, Bakı Ağ şəhər Bulvarı, 8 Noyabr prospekti, Yusif Səfərov küçəsi, Sevgi Parkı, Heydər Əliyev prospekti, Baku Arena, Böyük İpək Yolu küçəsi, Müzəffər Nərimanov küçəsi, Ziya Bünyadov prospekti, Böyükşor küçəsi, Böyükşor körpüsü, Balaxanı dairəsi, Böyükşor–Pirşağı yolu, Bakı Dairəvi Yolundan (Bilgəh–Pirşağı şosesi) keçməklə “Sea Breeze”-də finiş nəzərdə tutulub.

 

"Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstərilən tarixdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunan istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur" - müraciətdə qeyd edilib.