Güclü və sağlam ailə institutu, qadınların hüquqlarının qorunması və onların ictimai həyatda fəal iştirakı, uşaqların təhlükəsiz və sağlam mühitdə böyüməsi davamlı və inklüziv inkişafın başlıca şərtləridir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qaziler.az-a bildirilib ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev “Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda keçirilən tədbirdə bildirib. O vurğulayıb ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində 2018-ci ildən 4 milyon insanı əhatə edən 5 sosial islahat paketi reallaşdırılıb. Bu islahatlar aztəminatlı ailələr, qadınlar və uşaqların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edib.
Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi işlərini qeyd edən Anar Əliyev Nazirliyin tabeliyindəki sosial xidmət müəssisələrində 1250 uşağın daimi dövlət himayəsində yaşadığını, bu müəssisələrdə uşaqlara stasionar və yarımstasionar formada sosial-məişət, tibbi-sosial, sosial-mədəni və sosial-pedaqoji xidmətlər göstərildiyini deyib.
Nazir bildirib ki, Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə övladlığagötürmə, himayədar ailə və uşaqların ailələrə reinteqrasiyası sahəsində mühüm islahatlar həyata keçirilib. Övladlığagötürmə sahəsində dövlət siyasətinin icrası və tənzimlənməsinin Nazirliyə həvalə olunduğu 2019-cu ildən ötən dövrdə 865 uşaq övladlığa verilib. 2022-ci ildən ölkəmizdə ailə və uşaq siyasətinin mühüm istiqamətlərindən olan himayədar ailə modeli uğurla tətbiq olunur və ötən dövrdə 34-ü oğlan, 44-ü qız olmaqla ümumilikdə 78 uşaq himayədar ailəyə verilib. Himayədar ailələrə verilən uşaqlara görə aylıq 650 manat, ildə bir dəfə 800 manatlıq müavinət təsis edilib.
Anar Əliyev müxtəlif səbəblərdən ailələrindən ayrılmış uşaqların ailə mühitində böyüməsini hədəfləyən mühüm mexanizmlərdən birinin də reinteqrasiya tədbirləri olduğunu deyib. O bu tədbirlərlə 2020-ci ildən sosial xidmət müəssisələrindən 873 uşağın ailələrinə qaytarıldığını diqqətə çatdırıb.
Bildirib ki, qanunvericilik aktlarına son illər edilmiş dəyişikliklər nəticəsində qadınlar üçün əmək bazarında nəzərdə tutulmuş bir sıra məhdudiyyətlər aradan qaldırılıb. Habelə qadınların aktiv məşğulluq tədbirlərində iştirak səviyyəsi ildən-ilə artır. Ötən dövrdə özünüməşğulluq proqramına cəlb olunmuş 113 min nəfərdən 31 faizini və ya 35 min nəfərini qadınlar təşkil edib. Nazirlik tərəfindən peşə hazırlığı proqramına 2018-ci ildən 59 mindən çox şəxs cəlb edilib ki, onların da 61 faizi və ya 36 min nəfəri qadınlar olub.



