Azərbaycan-Qazaxıstan birgə hökumətlərarası komissiyanın sədri dəyişib.
Qaziler.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Azərbaycan tərəfdən Komissiyanın sədri Baş nazirinin müavini Samir Şərifov olacaq. Bundan öncə Komissiyanın sədri energetika naziri olub.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası üzrə yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 30 mart tarixli 2070 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 3, maddə 296 (Cild I) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. “Azərbaycan Respublikasının energetika naziri” sözləri “Samir Şərifov – Azərbaycan Respublikası Baş nazirinin müavini” sözləri ilə əvəz edilsin;
1.2. “Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
“Azərbaycan Respublikası energetika nazirinin müavini”;
1.3. “Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
“Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini”;
1.4. “Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri” abzasının sonundan nöqtə işarəsi çıxarılsın və aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
“Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri.”.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişikliklər barədə Qazaxıstan Respublikası tərəfinə bildiriş göndərsin.



