BAMF rəhbərliyi Yuri Aleksandroviç Pompeyevin vəfatı ilə əlaqədar BAŞSAĞLIĞI VERİB

BAMF rəhbərliyi Yuri Aleksandroviç Pompeyevin vəfatı ilə əlaqədar  BAŞSAĞLIĞI VERİB backend

Azərbaycanın dostu, tanınmış rusiyalı yazıçı-publisist, görkəmli ictimai xadim Yuri Aleksandroviç Pompeyev 88 yaşında dünyasını dəyişib. Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbərliyi adından Yuri Aleksandroviç Pompeyevin vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verilib.

Qaziler.az xəbər verir ki, bu barədə BAMF-ın prezidenti Umud Mirzəyev "EDNews"a açıqlamasında bildirib.   

Başsağlığında qeyd olunub:

“Görkəmli ictimai xadim, professor, kulturologiya üzrə elmlər doktoru, Rusiya Təbiət Elmləri Akademiyasının (RAEA) akademiki, Rusiya Yazıçılar Birliyinin üzvü və Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Yuri Aleksandroviç Pompeyevin vəfatı bizi olduqca sarsıtdı. O, Beynəlxalq Avrasiya Mətbuat Fondu yarandığı ilk gündən Fond ilə sıx əməkdaşlıq etmiş, onun ilk diplomatlarından biri olmuş və əsas təşəbbüslərinin həyata keçirilməsində fəal iştirak etmişdir. Yuri Aleksandroviç postsovet məkanında münaqişələrin və separatizmin alovlanmasına qarşı ardıcıl və prinsipial mövqe sərgiləmiş, daim öz əqidəsinə, humanist baxışlarına və mənəvi prinsiplərinə sadiq qalmışdır. 

Onun yaradıcılıq irsində publisistik fəaliyyət xüsusi yer tutur. Yuri Aleksandroviç Pompeyev özünün “Qarabağ qan girdabında”, “Vəhşətli günlər”, “Xarabazarlıq”, “Qarabağ gündəliyi” adlı kitablarında Qarabağ münaqişəsi və onun ağır tarixinə müraciət etmişdir. Bu əsərlər müharibənin faciəvi tərəflərinə, dinc əhalinin ağrılı taleyinə, qaçqın və məcburi köçkünlərin problemlərinə və millətlərarası qarşıdurmanın dağıdıcı humanitar nəticələrinə həsr olunmuşdur. Bu əsərlər 1990-cı illərdə yazılıb nəşr olunmuş və onun geniş ictimai və humanitar fəaliyyətinin tərkib hissəsinə çevrilmişdir. 

1993-cü ildə Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbərliyi ilə birlikdə Xocalı faciəsinin ildönümündə o, “Mayak” radiostansiyasında çıxış edərək xalqımızın üzləşdiyi 20 Yanvar və Xocalı faciələri kimi mühüm ictimai əhəmiyyətli məsələləri qaldırmış, dinc əhaliyə qarşı zorakılıq aktlarını qətiyyətlə pisləmiş, həmçinin münaqişələrin eskalasiyasına və millətlərarası nifrətin alovlanmasına səbəb olan qüvvələri prinsipial şəkildə tənqid etmişdir. Çıxışlarında o, xüsusilə Qarabağda dislokasiya olunmuş 366-cı motoatıcı alayın rolunu tənqidi qiymətləndirmiş, həmin hadisələrdə iştirak edən təcavüzkar qüvvələri şiddətlə qınamışdır.

1997-ci ilin dekabrında Sankt-Peterburqda onun iştirakı, dəstəyi və Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşəbbüsü ilə Qarabağda törədilmiş cinayətlərə həsr olunmuş “Milli məsələ və qaçqınların problemi” adlı beynəlxalq tədbir keçirilmişdir. Tədbirin təşkilatçılığında Sankt-Peterburqun aparıcı elmi və ictimai təşkilatları, Yazıçılar Birliyi, Rusiya Coğrafiya Cəmiyyəti və Sankt-Peterburq Dövlət Mədəniyyət Universiteti də iştirak etmişdir. Habelə, tədbir sonrası konfransla eyni adlı kitab nəşr edilmişdir.

2008-ci ildən sonra Yuri Aleksandroviç Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyasının fəal iştirakçısı olmuş, tarixi yaddaşın qorunması və yaşanan faciələr haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində ardıcıl fəaliyyət göstərmişdir. O, həmçinin 1992-ci ilin fevralında Qarabağ müharibəsi zamanı baş vermiş Xocalı faciəsinə həsr olunmuş “Sonsuz dəhliz” (2014) sənədli filminin hazırlanmasında iştirak etmişdir. Film Xocalı şəhərini tərk etməyə çalışan dinc azərbaycanlı əhalinin qətli və bu faciənin ağrılı tarixindən bəhs edir. Yuri Aleksandroviç filmin əsas iştirakçılarından və qəhrəmanlarından biri olmuşdur. Onun şəxsi şahidliyi, şərhləri və ekspert mövqeyi sənədli materialın mühüm hissəsini təşkil etmişdir. Həmin dövrdə bu cür açıq çıxışlar böyük vətəndaş cəsarəti tələb edirdi ki, bu da Yuri Aleksandroviçin prinsipiallığını və şəxsi məsuliyyət hissini aydın şəkildə göstərir.

Onun vəfatı həmkarları, dostları və onu tanıyan, onunla işləmək şərəfinə nail olan hər kəs üçün böyük itkidir. Dərin hüznlə bu ağır itkinin kədərini bölüşür, mərhumun doğmalarına, yaxınlarına və bu itkini yaşayan hər kəsə səmimi başsağlığı veririk.

Yuri Aleksandroviç Pompeyevin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.

Dərin hüznlə,

Umud Mirzəyev

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti