Ağdamın işğaldan azad edilmiş Şıxbabalı kəndinin şəhid ailələri, Qaziləri (müharibə əlilləri və veteranlar), bir qrup sakini yurdlarını ziyarət ediblər.
Qaziler.az bildirir ki, bu barədə məlumatı ziyarətdə iştirak edən Qaziler.az saytının Baş redaktoru Rey Kərimoğlu verib.
Onun sözlərinə görə, ziyarət Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə razılaşdırılmış qaydada baş tutub.
“Ziyarətçilər dörd şəhidin uyuduğu (o şəhidlərdən biri Azərbaycanın 1988-ci ildə həlak olan ilk iki şəhidindən biri Bəxtiyar Quliyevdir) qəbiristanlıqda həm şəhidlərin, həm də kənd sakinlərinin dağıdılmış məzarlarını ziyarət etdilər. Şəhidlərin məzarlarına gül dəstələri qoyulub, ruhuna dualar oxunub”, - deyə R.Kərimoğlu bildirib.
Xatırladaq ki, Ağdam rayonunun Şıxbabalı kəndi 1993-cü ilin iyul ayında Ağdamın işğalı zamanı düşmənin nəzarətinə keçib və 2020-ci ilin noyabrın 20-də azad olunub.
Müharibədən əvvəl 2000-ə qədər əhalisi olan kəndin 12 şəhidi var. 12 şəhiddən 10-u Birinci Qarabağ Müharibəsində, biri 44 günlük Vətən Müharibəsində, digəri isə anti-terror əməliyyatlarında həlak olub.
"Səfərin təşkilində göstərdikləri dəstəyə görə, kənd sakinləri adından Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi hörmətli Emin Hüseynov başda olmaqla nümayəndəliyin kollektivinə minnətdarlığımızı bildirdik", - deyə Rey Kərimoğlu qeyd etdi.
Qeyd: Şıxbabalı kəndində 1272-ci ildə inşa edilmiş Şıxbabalı türbəsi də mövcud olmuşdur. Eyni zamanda, eramızdan əvvəl IV əsrə, Tunc dövrünə aid olan və "Qara təpə" adlanan qədim yaşayış məskəni də Şıxbabalıda yerləşir. Sovet dönəmində professor Hidayət Cəfərovun rəhbərliyi ilə aparılan arxeoloji qazıntılar zamanı müəyyən edilmişdir ki, bu yaşayış məntəqəsi qədim qəsr olub. Tarixi mənbələrdə də bu barədə məlumatlar mövcuddur. Qazıntılar zamanı "Qara təpə" ərazisində böyük küplər içərisində insan sümüyü qalıqları və qiymətli metallardan hazırlanmış bəzək əşyaları aşkarlanmışdır. Kənd sakinləri, həmin tapıntıların şahidi olub.
Kənddə XVII əsrdə inşa edilmiş Şıxbabalı məscidi də olub. Erməni vandalları tərəfindən dağıdılmış məscidin divarlarının qalıqları qalmaqdadır.
QAZİLER.AZ



