Türkiyə Ali Məhkəməsinin nümayəndə heyəti Xankəndidə - FOTO

Türkiyə Ali Məhkəməsinin nümayəndə heyəti Xankəndidə - FOTO backend

Aprelin 18-də Türkiyə Cümhuriyyəti Ali Məhkəməsinin hakimi, Aparat rəhbəri Mehmet Fatih Belviranlı və onun rəhbərlik etdiyi nümayəndə heyəti Xankəndi şəhərinə səfər edib.

Səfər çərçivəsində nümayəndə heyətini Azərbaycan Respublikası Ali Məhkəməsinin rəsmiləri və Xankəndi Şəhər Məhkəməsinin hakimi və sədri İlkin Abdullayev müşayiət ediblər. Qonaqları Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin məsləhətçisi Tural Qurbanov qarşılayıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən məlumata görə, görüş zamanı qonaqlara, işğaldan azad olunmuş Xankəndi şəhəri və ətraf ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin həyata keçirildiyi barədə məlumat verilib.

Nümayəndə heyəti Xankəndi şəhərində aparılan quruculuq işləri, Zəfər parkı, Zəfər meydanı, Qarabağ Universiteti və Xankəndi Məhkəmə Kompleksi ilə tanış olub. Qonaqlara bölgədə həyata keçirilən infrastruktur layihələri, sosial obyektlərin tikintisi və regionun dayanıqlı inkişafına yönəlmiş tədbirlər barədə də məlumat verilib. Mehmet Fatih Belviranlı da öz növbəsində Azərbaycanla Türkiyə arasında mövcud olan strateji müttəfiqlik və qardaşlıq münasibətlərinin xüsusi əhəmiyyətini vurğulayıb. O bildirib ki, iki ölkə arasında əlaqələr bütün sahələrdə, o cümlədən hüquq və məhkəmə sistemləri üzrə əməkdaşlıq istiqamətində də uğurla inkişaf edir.

Qeyd olunub ki, Azərbaycanla Türkiyə arasında münasibətlər ortaq tarix, mədəniyyət və milli-mənəvi dəyərlərə əsaslanır. Dövlət başçıları səviyyəsində formalaşmış yüksək etimad və qarşılıqlı dəstək prinsipi iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlməsini təmin edib. Bu kontekstdə məhkəmə-hüquq sahəsində əməkdaşlıq, təcrübə mübadiləsi və institusional inkişaf istiqamətində qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi xüsusi önəm daşıyır. Sonda vurğulanıb ki, Azərbaycan–Türkiyə qardaşlığı regional sabitliyin, təhlükəsizliyin və inkişafın təmin olunmasına mühüm töhfə verir və bu münasibətlər gələcəkdə də dinamik şəkildə inkişaf edəcək.