Bu gündən Azərbaycanda elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağandır

Bu gündən Azərbaycanda elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağandır backend

Bu gündən Azərbaycanda elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağandır.

Apa-nın xəbərinə görə, bu, “Tütün və tütün məmulatı haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, elektron siqaret qida məhsulları, tütün məhsulları, dərman vasitələri və tibbi cihazlar istisna olmaqla, nikotin tərkibli və ya nikotin tərkibi olmayan buxarın tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş və müştük və ya digər komponentləri, o cümlədən kartrici və flakonu olan və ya olmayan cihaz vasitəsilə istifadə etmək üçün nəzərdə tutulmuş məhsuldur. Elektron siqaretlərin flakonundan bir və ya bir neçə dəfə istifadə edilə bilər və ya onlar birdəfəlik kartriclərlə təkrar doldurula bilər.

Qızdırılan tütün məmulatı elektron siqaret hesab edilməyəcək. Qızdırılan tütün məmulatı tütündən (tütün qarışığından) və onun istehsalında istifadə edilən qeyri-tütün komponentlərindən ibarət, alışdırılmadan və tütün tüstüsü əmələ gəlmədən qızdırılma prosesində yaranan nikotin tərkibli aerozolun tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş məmulatdır.

Beləliklə, nikotin tərkibli elektron siqaretlər dövriyyəsi qadağan edilməklə tütün məmulatı kimi təsnif edilir.